IQNA

İslamın əqidə prinsipləri; Məad / 22

Ölümdən necə qorxmamaq olar?

17:13 - May 22, 2023
Xəbər sayı: 3494213
Ölüm qorxusunun kökləri insanların duyğu və hisslərində dayanır. Onların əsasını tanımaq qorxusunu azaltmağa və ya ölümdən qorxmamağa kömək edə bilər.

  Ölümdən qorxmamaq üçün əvvəlcə qorxuya səbəb olan şeyləri aradan qaldırmalıyıq. Yəni qorxunun kökü cəhalət və idrakın zəifliyi və məhv olmaq və süqut illüziyasıdırsa, Quranın hikməti və hidayəti ilə bilməliyik ki, ölüm yox olmaq demək deyil. Bu şəkildə ölüm qorxusunun ilk səbəbi ilə mübarizə aparaq.

Əgər qorxu dünyaya bağlılıqdan, maldan, övladdan və həyat yoldaşından ayrılıqdan qaynaqlanırsa, bilməliyik ki, əgər Allah bizi ölüm ayağında evimizdən, malımızdan, övladlarımızdan ayırırsa, əvəzində, bizə başqa nemətlər verir (bunları dünya nemətləri ilə müqayisə etmək olmaz). Ona görə də bu dünyada çalışmalıyıq ki, dünya sevgisi qəlbimizə o qədər təsir etməsin ki, ondan ayrılıq bizə əziyyət versin.

Əlbəttə ki, bu, sərvətin pis olması demək deyil, lakin ona olan maraq və asılılıq təhlükəlidir. Bu da ölüm qorxusuna və ondan ayrılmaq qorxusuna səbəb olur. Çünki axirətini zənginləşdirmək üçün istifadə oluna biləcək sərvət insanı ölümə və dünyadan köçməyə həvəsləndirir.

  Əgər qorxu qeyri-müəyyən, qaranlıq və təhlükəli mərhələyə qədəm qoymaq fikrindən irəli gəlirsə, bilməliyik ki, ölüm yolu qaranlıq deyil. İnsan bir inkişaf mərhələsinə qədəm qoyur. Bu, zəruri və gözəldir. Çünki ölüm və axirət evinə köçmək, bir-birinin ardınca inkişaf mərhələləri keçmək inkişaf səbəbi və zəruri bir şeydir.

Əgər ölüm qorxusu yol azuqəsinin, iman və saleh əməllərin azlığından qaynaqlanırsa, gərək özümüzü təqva azuqəsi ilə təchiz edək. Necə ki, Qurani-Kərim buyurur: «وتَزوّدوا فَانّ خَیرَ الزّادِ التَّقوى‌»  Özünüz üçün azuqə götürün ki, şübhəsiz, ən yaxşı azuqə təqvadır" (Bəqərə, 197),

  Əgər etdiyimiz çoxlu azğınlıqlar və günahlar üzündəndirsə, tövbə edib onu islah etməli və bilməliyik ki, Allah “Rəhmlidir”. Həmçinin Onun rəhməti qəzəbindən daha böyükdür.

  Həzrət Peyğəmbər (s) buyurur: «لو تَعلَمونَ قَدرَ رَحمَةِ اللّه لَاتّكلتُم علَیها»

"Əgər Allahın lütf və rəhmətinin nə qədər böyük olduğunu bilsəydiniz, Ona etimad edər və heç vaxt qorxmazdınız".

  Bəli, bizim ölümdən qorxmağımızın əsası zəif fəaliyyətimiz və bir çox günahlarımızdır. Onu da tövbə, yaxşı əməl və səmimi ümidlə əvəz edə bilərik.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri; (Məad)" kitabından götürülmüşdür.
captcha