Tmahkarlıq Quranda bəhs edilən mənfi əxlaqi xüsusiyyətlərdəndir və bir cəmiyyətin xoşbəxtliyinə böyük maneədir. Allah Bəqərə surəsinin 96-cı ayəsində bunu qeyd edir: "Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir!" (Bəqərə, 96).
Hərislik insanı ehtiyacından çox şey toplamağa məcbur edən bir xüsusiyyətdir. Həmçinin həlakedici və azdırıcı xüsusiyyətlərdəndir. Həris, nə qədər su içsə də doymayacaq bir xəstəliyi olan adam kimidir.
Tamahkarlığı bir cümlə ilə tərif etmək istəsək, o da belədir: "Həris insan həmişə dərddədir və onun əziyyəti əbədidir".
Həris insanların həyatı ağrı və iztirablarla doludur. Çünki bütün yer kürəsi onların olsa belə, heç vaxt doymurlar. Həmişə pul toplamağa çalışırlar. Amma heç vaxt bundan həzz ala bilmirlər. Bu dünya əbədi olmadığına və onun ölümü ilə işi bağlandığına görə, topladıqlarının hamısı onun varislərinə çatacaq və kəfəndən başqa heç nəyi özü ilə aparmayacaq.
Əmirəl-möminin Əli (ə) buyurur: "Tamah əbədi iztirab və zəhmət mənbəyidir".
Habelə həmin ayədə bu adamlar Allah tərəfindən qınanmış, lənətlənmiş və onların bu sifətindən bəhs edilir: “(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır" (Hüməzə, 1-3).
Dünyaya yiyələnmək hərisliyi insanı məhv edir. Amma hərislik bütün hallarda pis bir şey deyil. Allah, Öz Peyğəmbərini (s) insanları doğru yola yönəltməkdə həris kimi tanıtmışdır. Yəni göstərir ki, insan özünü və ictimai işləri doğru yola yönəltmək və təkmilləşdirmək üçün həris olmalı, az ilə kifayətlənməməlidir.
"Tövbə" surəsinin 128-ci ayəsində buyurulur: “(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir!”.