"Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!" (Maidə, 54).
Bu ayə bəşəriyyətin pərvərdigarı və aləmlərin sevimlisindən olan bir xəbərdarlıqdır ki, əgər siz vəfasız və nankor olsanız, Allahın məhəbbət və dostluğunun məqamını bilməsəniz, ilahi əhdi pozub şeytan və zalimlərlə dostluq etsəniz, o qədər də mühüm deyil. Çünki tezliklə sizi əvəz edəcək insanlar olacaq; O kəslər ki, Allah onları sevir və onlar da Allahı sevirlər.
Bu Allahın aşiqlərinin xüsusiyyətlərindən biri də budur ki, onlar öz dostları, səhabələri, yaxşı və salehlər qarşısında təvazökarlıqla davranırlar. Lakin zalım kafirlərlə tam izzətlə və qürurla qarşı-qarşıya gəlirlər. Haqq yolunda səylər göstərirlər. Heç kəsin danlayıb, hədələməsi ilə eşq yolundan dönməzlər.
Əgər bütün insanlar da Allahın yolunu axtarsalar və Onun Cənnət bağına girmək istəsələr, heç kimin yerini dar etməyəcəklər. Çünki Allahın lütf və mərhəmətində məhdudiyyət yoxdur. Sadəcə insanlardır ki, üz çevirib özlərini məhrum edirlər.
“Yuhibbuhum” (onları sevir) və “Yuhibbunəhu” (Onu sevirlər) arasındakı əlaqə insanın öz Rəbbi ilə, başqa insanlarla və təbiətlə bağlarını ehtiva edir. Bu iki söz bütün dünyanı doldurub.
Bu iki sözün olmadığı yerdə hərarət, həzz, vəcd və xoşbəxtlik yoxdur. Ailə həyatı bu iki sözlə isinir "mən səni sevirəm" və "sən məni sevirsən". Bu iki kəlmə cəmiyyəti tarazlığa və xoşbəxtliyə yetişdirə bilər. Hökumətin millətini, millətin də hökuməti sevdiyi bir cəmiyyətə, eləcə də bütün işlərdə, sənayelərdə, istehsalatlarda və idarələrdə qarşılıqlı sevgi əsas olsa, bütün problemlər həll olunar.
Bu ayədə Allah mürtədlik məsələsini də gündəmə gətirmiş və mürtədi Allahın nemət və rəhmətinin qədrini bilməyən biri kimi günahlandırmışdır. Başqa bir ayədə mürtədlər haqqında buyurmuşdur ki, onlar axirətdə ziyana uğrayacaqlar. Din məcburiyyətə əsaslanmadığından kim öz dinindən üz döndərsə, heç kimin onunla ancaq məsləhət və hidayətdən başqa bir işi yoxdur. Nəsihət ona təsir etməsə, o adam verdiyi qərara tam cavabdeh olacaq.
* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.
4114931