Nizam və intizamın bir mənası bəzənmək və gözəl görünməkdir. Nəzmli insanların ilk əlamətlərindən biri zahiri görünüşlərində təmizliyə və nizama önəm vermələridir.
Peyğəmbərimiz (s) rəvayətlərinin birində belə buyurmuşdur: "Uca Allah gözəlliyi sevər və onun nemətlərinin bəndəsinə təsirini görməyi sevər".
Başqa bir rəvayətdə isə deyilir ki, “Allah-taala pis iyli və iy verənlərə nifrət edir”.
Qurani-Kərimdə “Əraf” surəsinin 32-ci ayəsində ilahi zinətlərdən istifadə etməyə icazə verilməsindən bəhs edilir: "De: Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?! De: Onlar (həmin zinət və pak ruzilər) dünya həyatında iman gətirən kəslər üçündür (hərçənd ki, kafirlər də onlarla şərikdirlər), Qiyamət günü isə yalnız onlara (möminlərə) məxsus olacaqdır. Biz Öz ayələrimizi bilən dəstə üçün beləcə ətraflı bəyan edirik".
Bu ayədə dünya həyatında zinət və pak ruzilərin möminlər üçün olduğu bildirilir. Kafirlər də bu ruzilərdən bəhrələnirlər, lakin Qiyamət günü bu, ancaq möminlərə aid olar.
Əvvəlki ayədə, yəni “Əraf” surəsinin 31-ci ayəsində möminlərə öz əməllərini və toplu ibadət yerlərini həm maddi, həm də mənəvi cəhətdən bəzəmək əmr edilmişdir. “Ey Adəm övladları! Hər namaz qıldığınız zaman gözəl geyinin, yeyin-için, amma israf etməyin. Çünki Allah israf edənləri sevməz”.
Ayədə bildirilir ki, istər ibadət zamanı, istərsə də başqa vaxtlarda ədəb qaydalarına uyğun geyinmək vacibdir. Müsəlmanlara ibadət yerlərinə və məscidlərə gedərkən yaxşı geyinmək, səliqəli və təmiz olmaq tövsiyə olunur. Çünki insan Allahın hüzurunda ən gözəl şəkildə hazır olmalıdır.
Məscidlərin təmiz, səliqəli və gözəl qoxulu olması məsciddə rahatlıq və cəlbedicilik yaratmaqla yanaşı, başqalarının da bu yerlərə maraq göstərməsinə səbəb olur. Bu iş başqalarına zərər verməyəcək dərəcədədir.
“Zinət”in mənası geyinməyin həm mənəvi, həm də estetik baxımdan vacib və zəruri olduğunu göstərir. Zinətə cismani və fiziki zinətlər, yəni təmiz paltar geyinmək, saçları daramaq, gözəl qoxular vurmaq və s., eləcə də insani keyfiyyətlər, əxlaqi xüsusiyyətlər, niyyət təmizliyi və ixlas kimi mənəvi zinətlər daxildir.