Bu xəttlə ilk nüsxə İmam Hüseyn (ə) türbəsinin mütəvəllilərindən Şeyx Əbdülmehdi Kərbəlayinin göstərişi ilə çap olunub.
Türbənin Darul-Quran İdarəsinin rəhbəri Şeyx Xeyruddin əl-Hadi, Darul-Quran Mərkəzinin və Əl-Varis Nəşriyyatının bu nüsxələrin çapında əməkdaşlıq etdiyini bildirib.
O, Quranın yüksək keyfiyyətli kağız və standart mürəkkəblərdən istifadə edilərək çap edildiyini vurğulayıb.
Həmçinin çap prosesinin bütün mərhələlərində elmi və texniki komitələrin nəzarət etdiyini əlavə edib.
Mərkəzin digər nümayəndəsi Əməl Maturi bu cür layihənin ən azı altı ay vaxt tələb etdiyini, lakin qarilər və hafizlərdən ibarət qrupun səyləri nəticəsində 500 nüsxənin cəmi 22 gün ərzində çapının tamamlandığını qeyd edib.
Şeyx Xeyruddin əl-Hadi ilk çapın Türbənin Quran mədəniyyətini yaymaq məqsədilə yaxın günlərdə keçiriləcək Quran Konfransında pulsuz paylanacağını bildirib.
Osman Taha 1934-cü ildə Suriyanın Hələb şəhərində türkmən kəndi olan Sandidə anadan olub. Xəttatlıq icazəsini 1973-cü ildə Həmid Aytaçdan alıb. O, Hələbdə Məhəmməd Əli Movləvi və İbrahim Rifai, Şamda isə Məhəmməd Bədəvi əd-Dirani və Haşim Bağdadidən dərs alıb.
İlk Müshəf xəttini 1970-ci ildə Suriya Vəqflər İdarəsinin sifarişi ilə tamamlayıb. 1988-ci ildə Səudiyyə Ərəbistanına dəvət olunub və burada ondan çox Müshəf yazıb.
Osman Taha xəttinin seçilən bəzi xüsusiyyətləri:
- Hər cüz iyirmi səhifə olaraq tərtib edilib.
-Ayə hər səhifənin sonunda tamamilə bitir.
-Təcvid qaydalarının daha asan uyğunlaşdırılması üçün hərəkət əlamətləri fərqli şəkildə müəyyən edilmişdir.
Osman Taha evli və yeddi uşaq atasıdır və Mədinədə yaşayır.
4253139