İsrail rejimi işğal altındakı Qolan təpələrində qeyri-qanuni məskunlaşmaların genişləndirilməsi planını təsdiqlədiyini açıqlayıb.
Sionist rejimin baş nazirliyi beynəlxalq hüquqa görə Suriya ərazisi sayılan Qolan təpələrinin işğalını genişləndirən İsrailin bölgədə “demoqrafik inkişafın təşviqi planı”nı təsdiq etdiyini açıqlayıb.
Bəyanatda, Benyamin Netanyahunun “Müharibə və Suriyanın üzləşdiyi yeni cəbhəni nəzərə alaraq, Qolanda sionist əhalisini ikiqat artırmaq istəyi ilə hərəkət etdiyi” bildirilib.
Noyabrın 27-də Suriyada şiddətlənən toqquşmalardan sonra və dekabrın 8-də Əsəd hökumətinin devrilməsi ilə eyni vaxtda İsrail ordusunun Suriyaya hücumları artıb.
Suriyanın hərbi infrastrukturunu məhv etməyə başlayan İsrail ordusu Suriya ərazisi olan Qolan təpələrinin işğalını genişləndirib.
Qolan təpələri ətrafında bufer zonasına daxil olan İsrail ordusu işğalı daha da irəli apararaq paytaxt Dəməşqin 25 kilometrliyinə yaxınlaşıb.
İsrail 1967-ci ildən Suriyanın Qolan təpələrini işğal edib. Bufer zonanın və demilitarizasiya zonasının sərhədləri 1974-cü ildə İsrail ilə Suriya arasında imzalanan Qüvvələrin Çıxarılması Müqaviləsi ilə müəyyən edilib.
Müşahidəçilər hesab edirlər ki, sionist rejim Suriyada hökumətin devrilməsi və Dəməşqin silahlı qruplaşmaların əlinə keçməsindən sonra yaranmış xaotik vəziyyətin kölgəsində Suriyanın hərbi infrastrukturunu məhv etmək üçün mövcud fürsətdən istifadə edir.