IQNA

Vatikan: “Oruc tutmaq həmrəylik və şəfqəti yeniləmək üçün bir fürsətdir”

4:11 - March 11, 2025
Xəbər sayı: 3497775
İQNA – Vatikan müqəddəs Ramazan ayı münasibətilə müsəlmanlara dostluq mesajı yayıb. Məktubda Ramazan ayının xristianların Oruc və Tövbə dövrünə təsadüf etməsinin ümumi mənəvi səyahət və dialoq üçün fürsət yaratdığı vurğulanıb.

Vatikan Xəbər saytının verdiyi məlumata görə, Vatikan Dinlərarası Dialoq Mərkəzinin rəhbəri mesajında ​​müsəlmanları müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edib.

Kardinal Corc Yakob Koovakad mesajında ​​Ramazan ayının xristianların Oruc və Tövbə dövrünə təsadüf etməsinin ümumi mənəvi səyahət və dialoq üçün fürsət yaratdığını vurğulayıb. Ədalət, şəfqət və qardaşlıq dəyərlərinin paylaşılması lazım olduğunu bildirərək, dinlərin insanlar və cəmiyyətlər üzərindəki dəyişdirici gücü vurğulanıb.

Mesaj belə davam edir: “Bu il Ramazan ayının çox hissəsi oruc və tövbə ilə üst-üstə düşür, xristianların oruc tutmaq, dua etmək və Məsihə üz tutmaq vaxtıdır. Ruhani təqvimdəki bu yaxınlıq bizə xristianlar və müsəlmanlar kimi birgə təmizlənmə, dua və ilahi məhəbbət prosesində yan-yana gəzmək üçün unikal fürsət təqdim edir. Bir ay oruc tutmaqdan çox, Ramazan biz katoliklər üçün daxili çevrilmə məktəbi kimi görünür”.

Xristian ənənəsində müqəddəs oruc və tövbə mövsümü bizi oxşar yola getməyə dəvət edir: “Oruc tutmaq, dua etmək və sədəqə verməklə biz qəlblərimizi təmizləməyə və həyatımızı yönləndirən və istiqamətləndirən Rəbbə diqqət yetirməyə çalışırıq. Bu ruhani təcrübələr, fərqli şəkildə ifadə olunsa da, bizə xatırladır ki, iman təkcə zahiri təcrübələr deyil, daxili çevrilmə yoludur.”

Haqsızlıq, münaqişə və gələcəyə dair qeyri-müəyyənliklə dolu bir dünyada bizim ümumi çağırışımız oxşar ruhani təcrübələrdən daha çox şeyi əhatə edir.

Ümid sadəcə nikbinlik deyil, bu, Yaradanımız Rəhman Allaha imanla əldə edilən bir fəzilətdir. Əziz dostlar, ümid, bağışlayan və hidayət edən ilahi rəhmətə təvəkküldən qidalanır. Biz xristianlar üçün bu, Allahın məhəbbətinin bütün sınaq və maneələrdən daha güclü olduğuna əminliyə əsaslanır.

Bu cür sadə, lakin dərin paylaşım anları cəmiyyətlərimizi və dünyamızı dəyişdirə biləcək ümid toxumlarıdır. Qoy dostluğumuz sülh və qardaşlığa susamış dünya üçün sərinləşdirici meh olsun!

4270404

captcha