“İQNA”-nın Prezidentin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında Bakıya səfərindən məmnunluğunu ifadə edərək deyib: “İlk növbədə, əziz qardaşım, Azərbaycanın möhtərəm Prezidenti cənab İlham Əliyevə göstərdiyi isti və səmimi qonaqpərvərliyinə, regional inkişafa və ikitərəfli münasibətlərin gələcəyinə yüksək baxışına görə səmimi təşəkkürümü bildirməyi zəruri hesab edirəm”.
Prezident, İran-Azərbaycan əlaqələrinin tarixi keçmişinə toxunaraq dedi: “Bizim əlaqələrimiz keçmiş əsrlərə gedib çıxır və nəinki yeni deyil, həm də xalqlarımız arasında mövcud olan çoxillik əlaqələrin davamıdır. Yan-yana yaşayan, bir-birinə dayaq olan qonşular kimi biz də həmişə bir yerdə olmuşuq və olacağıq”.
İki ölkə arasında mədəni, dini, ideoloji, intellektual və siyasi ortaqlıqları vurğulayan Pezeşkian əlavə edib: “Biz bu ortaqlıqlarla fəxr edirik və bu dərin əlaqələrə əsaslanaraq, əlaqələri daha da gücləndirmək əzmindəyik. Bir çox sahələrdə təcrübələrimizi bölüşə, bir-birimizin bazarlarından faydalana və regional əlaqələri inkişaf etdirə bilərik”.
Prezident bu səfər zamanı ikitərəfli sazişlərin imzalanmasına da toxunub və deyib: “Qəbul edilmiş digər mühüm qərar Azərbaycanın möhtərəm prezidentinin göstərişi və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırılmaqla iki ölkə arasında hərtərəfli strateji planın hazırlanmasıdır. Bu proqram İran və Azərbaycan arasında sənaye, elmi, mədəni, iqtisadi, siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün çərçivə təmin edəcək”.
Pezeşkian regional əməkdaşlığın əhəmiyyətini vurğulayaraq sözünə belə davam etdi: “İran və Azərbaycan əməkdaşlıq və bir-birinin ərazi bütövlüyü və maraqlarına qarşılıqlı hörmətlə regionda sülh, əmin-amanlıq və təhlükəsizlik bərqərar edə bilər. İslam ölkələri və onların regional qonşuları əl-ələ versə, bu gün Avropada gördüyümüzdən daha uğurlu bir model təqdim edə biləcəklər”.
İnfrastrukturun və iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyinə toxunan dövlət başçısı bəyan etdi: “Biz nəqliyyat və maliyyə şəbəkələrini birləşdirə, ticarəti inkişaf etdirə, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini daha da aktivləşdirə, investisiya və istehsal üçün ümumi əsaslar yarada bilərik”.
İki xalq arasında ailə və tarixi ortaqlıqları vurğulayan Pezeşkian qeyd edib: “Bu dərin bağlar aramızda parçalanma yaratmaq cəhdinə maneədir. Möhtərəm Azərbaycan prezidentində gördüyüm qətiyyət və iradə ilə və İran tərəfində mövcud olan öhdəliklə əminəm ki, bütün mövcud sazişlər və gələcəkdə formalaşdırılacaq sazişlər ciddi şəkildə davam etdiriləcək və həyata keçiriləcək”.
Prezident Azərbaycana göstərdiyi səmimi qonaqpərvərliyə görə təşəkkür edərək dedi: “Ölkə daxilində yaranmış xüsusi şəraitə görə səfərimizi qısaltmaq məcburiyyətindəyik, lakin ümid edirəm ki, yaxın vaxtlarda yenidən Azərbaycan Respublikasındakı əziz qardaşlarımın xidmətində olacağam”.
Pezeşkian vurğulayıb: “Mən Azərbaycan Respublikasında olanda özümü öz xalqımın arasında hiss edirəm. Sanki Təbrizdəyəm, Ərdəbildəyəm. Bu yaxınlıq və qardaşlıq hissi iki ölkə arasında iqtisadi, mədəni, elmi və təhlükəsizlik əlaqələrinin inkişafı üçün böyük sərvətdir. İnşallah, birgə səylərlə xalqlarımıza, gələcək nəsillərimizə işıqlı gələcək yaradacağıq”.
4278991