“İQNA” xəbər verir ki, Prezidentlik İnformasiya Portalının yaydığı xəbərə görə, cümə günü, 5 İyul, İran Prezidenti Məsud Pezeşkian, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci dövlət başçıları sammitində iştirak etmək üçün etdiyi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşüb.
Görüşdə Pezeşkian bu ölkəyə əvvəlki səfərinin nəticələri və iki ölkə arasında münasibətlərin inkişafına maneə yaradan bəzi problemlərin aradan qaldırılması istiqamətində atılmış addımlardan məmnunluğunu ifadə edərək deyib: “İran və Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi iki ölkənin, eləcə də bölgə ölkələrinin mənafelərinin təmininə və gücümüzün artmasına xidmət edəcək”.
Prezident sionist rejimin ABŞ ilə danışıqların ortasında İrana qarşı həyata keçirdiyi hücumlara toxunaraq əlavə edib:
“Sionist rejim hücumlarının İran daxilində xalq etirazlarına səbəb olacağına böyük ümid bəsləmişdi, lakin İran xalqının əksəriyyətinin ölkəsinə verdiyi yekdil dəstək və Silahlı Qüvvələrin qətiyyətli cavabı sionist rejimin bütün planlarını nəticəsiz qoydu. İran İslam Respublikasının çəkindirici gücü bu gün ən yüksək səviyyədədir”.
Azərbaycan Prezidenti də bu görüşdə ölkəsinin sionist rejimin hücumlarını ilk saatlardan etibarən pislədiyini və İranın özünü müdafiə etmək hüququnu dəstəklədiyini vurğulayaraq bildirib: İran xalqı bu tarixi dövrdə üzləşdiyi çətin mərhələdən üzüağ çıxmışdır.
İlham Əliyev deyib: “Azərbaycan Respublikası regionda sülh və sabitlik istəyir və hesab edirik ki, bölgənin inkişafı yalnız sülh və təhlükəsizlik yolu ilə mümkündür. Biz, bölgədə atəşkəsin bərqərar olmasına səbəb olan son müharibə zamanı sizin və İranın Ali Rəhbərinin mövqelərini və tədbirlərini yüksək qiymətləndiririk”.
4292596