“İQNA”-nın “Əd-Dəlil Nyuz”a istinadla verdiyi xəbərə görə, Əl-Əzhər rəsmi bəyanatında Almaniyanın Hannover şəhərində baş verən və bir Əlcəzair əsilli vətəndaşın hədəf alındığı son hücumu qəti şəkildə pisləyib.
Qurum, həmçinin Avropa ölkələrində müsəlmanlara qarşı irəli sürülən irqçi nifrət çağırışlarını da şiddətlə qınayıb.
Əl-Əzhər bəyanatında bu bıçaqlı hücumu “xəyanətkar terror cinayəti” adlandırıb və zorakılığın, terrorizmin, irqi və dini ayrı-seçkiliyin bütün formalarına qarşı olduğunu bir daha vurğulayıb.
Hannover hücumu, Avropanın bir sıra ölkələrində islamofobiya hallarının artması fonunda baş verib. İslam mərkəzləri və insan haqları təşkilatları müsəlmanlara, onların əmlaklarına və məscidlərinə qarşı nifrət zəminində törədilən cinayətlərin artmasını izləyir və sənədləşdirirlər.
Beynəlxalq təşkilatların bir çoxu xəbərdarlıq edirlər ki, sağçı radikal siyasətçilərin ritorikası gərginliyin artmasına və belə hücumların baş verməsi üçün düşmən mühitin yaranmasına birbaşa təsir göstərir.
Əl-Əzhər bəyanatında bildirib ki, radikal ideyalarla mübarizə və onların mənbələrinin qurudulması ümumi məsuliyyətdir. Bütün din və irqlərdən olan insanların birgəyaşayışı, sülh və dialoq kimi dəyərlərin yayılması və təşviqi əsas hədəflərdən biri olmalıdır.
Qurum, həmçinin vurğulayıb ki, Qərbdəki müsəlmanların təhlükəsizliyi və əmin-amanlığı həmin cəmiyyətlərin sabitliyindən ayrı deyil.
Əl-Əzhər Avropa ölkələrinin hökumətlərini və qərarverici qurumlarını bu narahatedici fenomenlə mübarizə üçün qəti və təcili tədbirlər görməyə çağırıb.
Qurumun bəyanatında, həmçinin müsəlmanlara qarşı hücumların açıq şəkildə cinayət sayılmasını və bu cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməsini təmin edən çəkindirici qanunların qəbul edilməsinin vacibliyi vurğulanıb. Çünki bu təhlükəli gedişata və ictimai sülhə təhdidə son qoymağın yeganə yolu budur.
Qeyd edək ki, 26 yaşlı əlcəzairli qadın Rəhmə Ayyat Hannoverin cənubundakı Arnüm məhəlləsində yaşadığı binada vəhşicəsinə hücuma məruz qalıb və qətlə yetirilib. O, bir neçə il əvvəl bu şəhərə köçmüşdü.
4294544