“İQNA”-nın “Akhbar al-Shia” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Malayziya Baş naziri Ənvər İbrahim Putracayada keçirilən “Malaysia Permungat 2025” tədbirindəki çıxışında bildirib:
Süni intellekt İslam qanunları işığında idarə olunmalıdır.
O, camaatla birgə namazda çıxışı zamanı bildirib ki, həqiqi intibah təkcə abstrakt texnologiyaya əsaslana bilməz, əksinə onu istiqamətləndirən mənəvi-əxlaqi bir sistemə söykənməlidir.
Baş nazir əlavə edib:
“Texnologiya təkbaşına insanlara yol göstərmir; əksinə, bu, azdırıcı da ola bilər – əgər dəyərlərin nuru ilə aydınlanmasa”.
O, süni intellekt dövründə Malayziya üçün milli baxışın formalaşdırılması məqsədilə İslam alimləri və qərarvericilərinin elmi düşüncə sahəsində iştirakına çağırıb və vurğulayıb ki, ölkəsi mənasını və məqsədini itirmiş cəmiyyətlərdən alınmış modellərə güvənməyəcək, əksinə, öz modelini orijinal İslam prinsipləri əsasında quracaq.
Ənvər İbrahim, həmçinin, tarixə toxunaraq İslamın ənənəvi məktəblərinin – məsələn, “Pondok”ların – müstəmləkəçiliyə qarşı müqavimət və kimliyin qorunmasındakı rolunu yada salıb və bu məktəblərin müasir İslam təhsilinin gələcəyinin formalaşmasında hələ də əsas rol oynadığını bildirib.
O, əlavə edib ki, İslam dünyası müasir texnologiya və idarəetmə sahələrinə İslam elmlərinin inteqrasiyası ilə inanc və ağılı birləşdirən mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilə bilər. Beləliklə, sürətlə inkişaf edən, lakin əxlaqi kompasını itirmiş bir dünyaya fikri alternativ təklif edə bilər.
4295813