“İQNA”-nın “əl-Ərəbiyyul-Cədid” xəbər saytına istinadla verdiyi xəbərə görə, Danimarkanın paytaxtı Kopenhagendə yerləşən Norrebro məhəlləsindəki İmam Əli (ə) məscidi iyulun 18-də “Kimlik Nəsli” (Generation Identity) adlı ifratçı gənclər qrupunun hücumuna məruz qalıb.
Məscid rəhbərliyi bu hadisəni “ibadət mərasimlərini dinc şəkildə yerinə yetirmək hüququna açıq hücum” kimi dəyərləndirib və qəti şəkildə pisləyib.
Bu hadisədən sonra Kopenhagen polisi istintaqa başladığını açıqlayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə, bu qrupun dörd üzvü sarı jiletlərlə məscidin damına qalxır, qırmızı tüstü bombaları yandırır və “İslamlaşdırmanı dayandırın; tərs miqrasiya — indi” yazılmış bir pankart açırlar.
Qrupun sözçüsü Daniel Nordentof Danimarkanın “Berlingske” qəzetinə açıqlamasında bu hərəkətin məqsədinin “bu məscidin Danimarkaya aid olmayan dəyərlərin simvolu olduğuna diqqət çəkmək” olduğunu bildirib.
Kopenhagen polisi hadisə ilə bağlı məlumat aldığını və araşdırma apardığını açıqlasa da, əlavə təfərrüatları hələ paylaşmayıb.
Digər tərəfdən, sağçı hərəkatın nümayəndəsi bu hadisənin maddi ziyan vurmadığını və cəmi 10 dəqiqə davam etdiyini deyib.
O iddia edib ki, “Biz heç bir ziyan vurmadıq. Yalnız simvolik şəkildə içəri daxil olub 10 dəqiqə sonra çıxdıq” və əlavə edib ki, bu hərəkəti “mülki itaətsizlik” aktı hesab edirlər. Lakin məscid rəhbərliyi bu hadisəni “təxribatçı və təcavüzkar hücum” adlandırıb.
Məscid rəhbərliyi bu hücumun Danimarkadakı müsəlman cəmiyyətinin ibadət azadlığına zidd olduğunu bildirib.
“Kimlik Nəsli” ifrat sağçı qruplar arasında Avropanın ən mübahisəli təşkilatlarından biridir. Bu qrup anti-miqrant və anti-multikulturalist mövqeyi ilə tanınır və “tərs miqrasiya” — yəni qeyri-Qərb mənşəli miqrantların öz ölkələrinə geri qaytarılmasını müdafiə edir. Fransada bu qrupun fəaliyyəti qadağandır və Avstriyada loqosu (yunanca Lambda hərfi) yasaqlanıb.
Danimarkadakı İmam Əli (ə) Məscidinin Tarixi
1994-cü ildə “əl-Mustafa Mərkəzi”, “Məktəbətul-Lübnaniyyə” və “Məhəmmədiyyə Məscidi”nin birləşməsi ilə Avropadakı ən böyük şiə məscidinin təməlləri atıldı.
2001-ci ildə mərhum Ayətullah Seyid Hüseyn Xadəmi İsfahaninin oğlu Höccətül-islam Seyid Məhəmməd Mehdi Xadəmi və mərceyi təqlidlərin xüsusi dəstəyi, “Beynəlxalq Əhli-Beyt (ə) Cəmiyyəti”nin köməyi və möminlərin yardımı ilə 3000 kvadratmetrlik torpaq sahəsi alındı və bu böyük layihənin əsası Danimarkanın paytaxtı Kopenhagendə qoyuldu.
Bu böyük İslam mərkəzi 2011-ci ilə qədər danimarkalı, ingilis, ərəb, fars və urdu dillərində danışan bütün şiə millətlərinə ehtiyac duyulan dini xidmətləri göstərdi.
2011-ci ilin sentyabrında isə maraqlı bir hadisə baş verdi. Şiə cəmiyyət məscidin qədim binasını orijinal İslam memarlığına uyğun gözəl bir məscidə çevirmək istəyirdi. Bu isə şəhər meriyasının icazəsinə bağlı idi. İcazə ilə bağlı iclas günü, meriyanın qarşısında böyük bir izdiham toplaşmışdı. İclasdan sonra kütlənin arasından “Allahu Əkbər” səsləri yüksəldi. Bu səs məscidin inşasına razılıq verildiyini bildirirdi. Həmin günün göz yaşları və sevinci Danimarka müsəlmanlarının yaddaşından heç vaxt silinməyəcək.
Məscidin tikintisinə 2011-ci ildə başlandı və 2015-ci ildə Qədir-Xum bayramında istifadəyə verildi.
4295671