IQNA

Kərbəlada Əl-Əqsa Məscidinin Harayı adlı Beynəlxalq Konfrans keçirilib

2:35 - August 03, 2025
Xəbər sayı: 3498631
İQNA – Dördüncü beynəlxalq “Əl-Əqsa Məscidinin Harayı” konfransı, avqustun 1-də 60 ölkədən yüzlərlə şəxsin iştirakı ilə Kərbəla şəhərində işə başlayıb.

“İQNA”-nın “Əl-Əhd” saytına istinadla verdiyi xəbərə görə, bu beynəlxalq konfrans “Kərbəladan Fələstinədək – Azadlıq və ləyaqət uğrunda fədakarlıq yürüşü” mövzusunda müqəddəs Kərbəla şəhərində keçirilir və 60 ölkədən 400-dən çox tanınmış şəxs tədbirdə iştirak edir.

Kərbəla Hüseyniyyə Ziyarətgahının baş katibi Həsən Rəşid Əl-Übəyci öz çıxışında bildirib ki, bu konfrans İmam Hüseynin (ə) zülmə qarşı hayqırtısını və Onun və səhabələrinin getdiyi haqq yolu təkrar vurğulamaq və dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq bir tribunadır.

Əl-Übəyci əlavə edib: “Hüseyniyyə Ziyarətgahının baş katibliyi bu mübarək konfransın təşkilini təbrik edir və iştirakçı heyətləri qəbul etməkdən qürur duyur. Uca Allahdan istəyirik ki, onların bu səylərini qəbul etsin və bu addımları onların yaxşı əməllərinə yazsın.”

O, həmçinin qeyd edib ki, bu konfrans Aşura qiyamının davamı olan Ərbəin ziyarəti münasibətilə keçirilir. Ərbəin günlərində Kərbəla bütün dünya azadə insanlarının qibləsinə və zülm və təkəbbürlə mübarizədə ilham mənbəyinə çevrilir.

Əl-Übəyci daha sonra deyib: “Hüseyni ruh İslam ümmətinin qəlbinə aşılanmalıdır – xüsusilə də Qəzza və İordan çayının qərb sahilində fələstinli mülki insanlara qarşı törədilən soyqırımı, mühasirə, aclıq və dəhşətli cinayətlər fonunda. Fələstinlilərin bu vəhşiliyə qarşı göstərdiyi müqavimət Kərbəla dastanının canlı davamı və səbir, əzm və imanın bariz nümunəsidir. Fələstin xalqına, xüsusilə də Qəzzədə qarşı törədilən cinayətlər insanlığın üz qarasına çevrilmişdir.”

O, beynəlxalq və ərəb rejimlərinin susqunluğunu, işğalçı rejimin təcavüzünü dayandırmaq və ya insani yardım göstərmək üçün ciddi təzyiq etməməsini pisləyib və bütün müsəlmanları xalis Məhəmmədi İslam dəyərlərinə əsaslanaraq Fələstin və Qüdsün azadlığı ideallarına sadiq qalmağa çağırıb.

Kərbəla Hüseyniyyə Ziyarətgahının baş katibliyi həmçinin, Ayətullah Sistaninin son bəyanatında vurğuladığı kimi, İslam ölkələri və beynəlxalq ictimaiyyətin Qəzza zolağında baş verən humanitar fəlakətin dayandırılması üçün hərəkətə keçməsinin zəruriliyini vurğulayan dini mərcəiyyətin bəyanatlarına dəstəyini ifadə edib.

Qeyd edək ki, bu konfrans ilk dəfə 2022-ci ildə keçirilib və məqsədi Hüseyni hərəkatının mirası ilə Fələstin məsələsi arasında qlobal bir bağ qurmaqdır.

Bu ilki konfrans avqustun 3-dək davam edəcək və müxtəlif qurumlar, o cümlədən “Fələstinə Qayıdış üzrə Qlobal Kampaniya”, İraqın Dini Fətva İdarəsi, İraqın Ərbat əl-Muhəmmədi Şurası, Kərbəla Tədqiqatlar Mərkəzi və Zəhra Universiteti tərəfindən təşkil olunub.

4297637

captcha