IQNA

Hindistanın müftisinin ölkələrin Fələstini tanıma qərarını alqışlaması

16:46 - August 03, 2025
Xəbər sayı: 3498636
İQNA - Hindistanın müftisi Şeyx Əbubəkr Əhməd dünyanın bir sıra böyük ölkələrinin Fələstini tanıma qərarını alqışladı.

“İQNA”-nın Sədyul-Bələd” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Hindistanın müftisi Şeyx Əbubəkr Əhmədin “Alqış və təqdir mesajı” başlığı altında yaydığı müraciətində Fransa, Kanada və Britaniyanın Fələstini müstəqil bir dövlət kimi tanımaq qərarına diqqət çəkib.

Baş müfti bu mesajında bildirib: “Bu dəyərli qərarın Britaniya və Fransa Respublikası tərəfindən rəsmən Fələstin dövlətinin tanınması şəklində elan olunması bizim üçün böyük sevinc və məmnunluq mənbəyidir. Bu, uzun illərdir azadlıq və ləyaqət uğrunda mübarizə aparan, zülm və əzablara məruz qalan bir xalq üçün xoş bir müjdədirz”.

O əlavə edib: “Bu qərar, belə həssas bir dövrdə insan vicdanının oyanışını, ədalətli prinsiplərin zəfərini və öz müstəqil və təhlükəsiz ölkələrinin səmasında yaşamağa layiq olan bir xalqın çəkdiyi əzabların dəyərləndirilməsini göstərir”.

Hindistanın müftisi vurğulayıb: “Biz Hindistan torpaqlarından və Darul-İftadan bu şərəfli mövqeni səmimi şəkildə alqışlayır və Fələstin amalının yanında duran hər kəsə təşəkkür edirik. Biz bir daha qeyd edirik ki, Fələstinin tam müstəqil bir dövlət kimi tanınması ədalət yolunda mübarək bir addım və həqiqi sülh yolunun başlanğıcıdır ki, bütün azad insanlar bu sülhün axtarışındadır”.

O deyib: “Biz dünya İslam ölkələrini və bütün bəşəriyyəti bu nümunəni izləməyə, bu mübariz xalqın faciələrinə son qoymağa və hələ də Qəzza və bütün Fələstin torpaqlarında günahsız insanları qətlə yetirən ədalətsizlik və təcavüz maşınının dayandırılması üçün qətiyyətlə hərəkətə keçməyə çağırırıq”.

Şeyx Əbubəkr Əhməd sonda belə deyib: “Allahdan istəyirik ki, Fələstin xalqına rifah və zəfər, dünyaya isə əmin-amanlıq və sülh bəxş etsin. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavat və salamı Peyğəmbərimiz Məhəmmədə (s), onun ailəsinə və bütün səhabələrinə olsun”.

Qeyd edək ki, Fransa və Səudiyyə Ərəbistanının birgə sədrlik etdiyi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Fələstin üzrə beynəlxalq konfransda 15 ölkənin xarici işlər nazirləri birgə bəyanat yayıblar.

Fransanın xarici işlər naziri Jan Noel Barro “X” sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Nyu-Yorkda Fransa 14 digər ölkə ilə birlikdə birgə çağırışını irəli sürdü: Biz Fələstin dövlətini tanımaq istəyimizi ifadə edirik və bunu hələ etməyən ölkələri bizə qoşulmağa dəvət edirik”.

Bu bəyanat Andorra, Avstraliya, Kanada, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Yeni Zelandiya, Norveç, Portuqaliya, San-Marino, Sloveniya və İspaniyanın xarici işlər nazirləri tərəfindən imzalanıb.

Bəyanatda 15 ölkə “iki dövlətli həll yolu perspektivinə sarsılmaz bağlılıqlarını” ifadə edib.

İmzacı ölkələrdən 9-u – o cümlədən Avstraliya, Kanada və Yeni Zelandiya – hələ Fələstin dövlətini tanımayıblar, lakin bu addımı atmaq üçün “ölkələrinin müsbət niyyət və düşüncələrini” bəyan ediblər.

Diplomatik mənbələrin verdiyi məlumata görə, bu konfrans zamanı Avropa İttifaqı və Ərəb Liqası ilə yanaşı 17 ölkə də Həmasın silahsızlaşdırılması və bu hərəkatın Qəzzanı idarəetməsinə son verilməsi çağırışlarına qoşulublar. Onların məqsədi işğal olunmuş Fələstin torpaqlarında davam edən dağıdıcı müharibəyə son qoymaqdır.

4297739

captcha