IQNA

Haaqa­dakı sionist rejim səfirliyinə hücum edilib

18:01 - August 13, 2025
Xəbər sayı: 3498684
İQNA - Haaqa­dakı sionist rejim səfirliyi naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə zamanı səfirliyin darvazası sındırılıb və giriş qapısına qırmızı rəng tökülüb.

İQNA-nın Anadolu agentliyinə istinadla verdiyi məlumata görə, Qəzzənin işğalı ilə bağlı Benyamin Netanyahu hökumətinin planları səbəbindən sionist rejimlə Avropa ölkələri arasındakı gərginliyin artdığı bir vaxtda, rejimin Xarici İşlər Nazirliyi Haaqa­dakı səfirliklərinə hücum edildiyini açıqlayıb.

Nazirliyin məlumatında bildirilir ki, hücum edənlər səfirliyin darvazasını sındırıb və giriş qapısına qırmızı rəng atıblar. Sionist rejimin radio və televiziyası isə üç nəfərin “qan rəngi” tökdüklərinə və darvazanı sındırdıqlarına görə saxlanıldığını bildirib.

Sionist rejimin Niderlanddakı səfiri “X” sosial şəbəkəsində yazıb ki, hadisə bu gün səhər tezdən baş verib. O, Niderland polisinin şübhəliləri saxladığını və gələcəkdə oxşar hücumların qarşısının alınması üçün bütün zəruri tədbirlərin görüləcəyinə inandığını qeyd edib.

Hadisə ötən cümə axşamı, işğalçı rejimə məxsus “El-Al” aviaşirkətinin Parisdəki ofisini boşaltmaq qərarından sonra baş verib. Səbəb isə binanın divarlarına “Soyqırım şirkəti” kimi şüarların yazılması və girişinə qırmızı rəng atılması olub. Şirkət açıqlamasında bildirib ki, “Hadisə bina boş olduqda baş verib və əməkdaşlarımız üçün heç bir təhlükə olmayıb”.
4299655

Teqlər: haaqa ، sionist
captcha