IQNA

İngiltərədə xaç nişanları ilə məscidə qarşı təxribat

10:24 - September 01, 2025
Xəbər sayı: 3498785
İQNA - Naməlum şəxslər İngiltərədə bir məscidin divarlarına şəkillər çəkərək ona hörmətsizlik ediblər.

“İQNA”-nın “Əl-Ərab fi Britaniya” saytına istinadla verdiyi xəbərə görə, İngiltərə müsəlmanlara qarşı təzyiq və islamofobiyanın artan dalğasının şahididir. Bunun son nümunəsi isə Esseksdəki İslam Mərkəzinə qarşı həyata keçirilən təxribat olub. Polis ötən cümə axşamı gecəsi baş vermiş bu hücumda əli olduğundan şübhələnilən iki nəfərin tapılması üçün dərhal istintaqa başlayıb.

Esseks polisinin bəyanatına əsasən, hadisə yerinin yaxınlığında görünən iki kişinin görüntüləri müşahidə kameralarından əldə olunaraq yayımlanıb və onların hadisə ilə birbaşa əlaqəli olduqları ehtimal olunur.

Bu insident zamanı mərkəzin divarlarına nifrətamiz yazılar yazılıb. Onların arasında “İsa padşahdır” və “Bura İngiltərədir” ifadələri ilə yanaşı qırmızı xaç nişanı da çəkilmişdi. Hadisə cəmiyyət arasında ciddi hiddət və qəzəbə səbəb olub.

Siyasi reaksiyalar da gecikməyib. Leyboristlər Partiyasının yerli şura lideri Qavin Kallahən bu hadisəni kəskin şəkildə pisləyərək deyib: “Esseksin cənubundakı İslam Mərkəzini hədəfə alan bu təxribat çox çirkin bir işdir. Onu izah etməyə və bəhanə gətirməyə çalışmayın. Bu nifrətamiz davranışdır və şəhərimiz üçün utancvericidir.”

Təhlükəsizlik orqanlarının araşdırmaları ilə yanaşı, yerli könüllülər də təcili təmizlik kampaniyasına başlayaraq cümə namazından əvvəl mərkəzin divarlarından təhqiramiz yazıların bütün izlərini silməyi bacarıblar.

Esseks polisinin sözçüsü təsdiqləyib ki, bu hadisə irqçi motivli təxribat kimi qiymətləndirilir və kimdə məlumat, müşahidə kamerası görüntüləri və ya avtomobil kamerasından çəkilişlər varsa, polisə müraciət etməyə çağırıb.

4302478

captcha