“İQNA”-nın “Arabi 21”-ə istinadla verdiyi xəbərə görə, İspaniya iqtisadiyyat naziri Karlos Kuerpo çərşənbə axşamı sionist rejimlə iqtisadi əlaqələrə nəzarəti gücləndirmək məqsədilə bir sıra qərarlar qəbul olunduğunu bildirib və vurğulayıb ki, bu addımlar “insan haqlarına və beynəlxalq qanunlara hörmətin vacibliyi, ədalətli sülhə çalışmaq barədə aydın siyasi mesaj” göndərmək məqsədi daşıyır.
Kuerpo açıqlayıb ki, işğalçılara silah ixracı və idxalı qadağası sərtləşdiriləcək və yeni tədbirlərə İspaniya ərazisi və limanları vasitəsilə hərbi məqsədlər üçün istifadə oluna biləcək hər cür yanacaq və materialın daşınmasının qarşısının alınması daxildir.
Madrid həmçinin beynəlxalq qanunlar və BMT qətnamələrinə uyğun olaraq işğal olunmuş Fələstin ərazilərindəki İsrail qəsəbələrində istehsal olunan məhsulların idxalını qadağan etmək qərarına gəlib.
Bu addım, işğalçı İsrailin artıq iki ilə yaxındır davam edən Qəzzaya qarşı müharibəsinə münasibətdə Avropanın vahid mövqe qəbul etməsi üçün artan təzyiqlərin fonunda atılıb.
Son həftələrdə bir neçə Avropa ölkəsi İsrail şirkətləri və qurumlarına qarşı xüsusi sanksiyaların tətbiq olunacağı ehtimalından bəhs edib. Bu arada Avropa Komissiyası isə Təl-Əvivin razılaşma şərtlərini pozmağa davam etməsi halında ticarət əməkdaşlığı sazişinin bəzi müddəalarının dayandırılmasını nəzərdən keçirir.
Müşahidəçilər bildiriblər ki, Madriddə qəbul olunan bu qərar Brüssələ əlavə təzyiq göstərə bilər və Avropa İttifaqını daha vahid və sərt siyasətə yönəldə bilər. Xüsusən də bir sıra Avropa paytaxtlarında işğalçı İsrailə silah tədarükünün dayandırılması və Avropa limanlarından keçən yüklərin ciddi nəzarətə götürülməsi tələb olunan etiraz aksiyaları güclənərkən.
İspaniya iqtisadiyyat naziri vurğulayıb ki, ölkəsi beynəlxalq ictimaiyyətin müharibənin dayandırılması və fələstinli mülki şəxslərin qorunması tələblərinin artdığı bir zamanda, ticarət prinsipləri ilə insan haqlarını birləşdirən qabaqcıl dövlətlərdən biridir.
İspaniya baş naziri Pedro Sançes də bəyan edib ki, əgər bir xalq soyqırımın qurbanı olursa, iki dövlətli həll yolu mümkün deyil.
BMT-nin təşkilatçılığı, Fransa və Səudiyyə Ərəbistanının dəstəyi ilə keçirilən “İki Dövlətli Həll Yolu” beynəlxalq konfransında çıxış edən Sançes işğalçı İsrailin Qəzzada həyata keçirdiyi qətliamların dayandırılmasının vacibliyini vurğulayıb.
Sançes əlavə edib: “İsrailin Qəzzada fələstinlilərə qarşı törətdiyi soyqırımı heç bir bəhanə ilə əsaslandırmaq olmaz və heç kim bu məsələdən xəbərsiz olduğunu iddia edə bilməz, çünki hər kəs şahiddir”.
O daha sonra deyib: “Tarix bu hadisələrə susanlar barədə hökm verəcək, İspaniya isə susmamağa, addım atmağa qərar verib”.
Sançes həmçinin Fələstinin BMT-də tamhüquqlu üzvlüyünün təmin edilməsinin, digər üzvlərlə bərabər hüquqlara malik olmasının və ən əsas insan haqlarının qorunmasının zəruriliyini vurğulayıb.
O, əlavə edib ki, İspaniya Qəzzadakı soyqırım dayandırılana qədər işğalçı İsrailə qarşı tədbirlərini davam etdirəcək və qeyd edib ki, hələ də fələstinlilər və Qəzza üçün ümid var.
4306761