“İQNA”-nın məlumatına görə, İranın prezidenti Məsud Pezeşkian, çərşənbə səhər yerli vaxtla, Nyu-Yorka səfərinin ilk proqramında, İran İslam Respublikasının mövqelərini BMT Baş Assambleyasının 80-ci iclasında izah edərkən bəyan edib: “Qərb ölkələri elə bir JCPOA-nı (nüvə anlaşmasını) məhv etmək üçün addım atdılar ki, özləri onu çoxtərəfli diplomatiyanın ən böyük nailiyyəti hesab edirdilər. Bu qanunsuz addım ki, BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin etirazı ilə də qarşılaşdı, beynəlxalq legitimliyə malik deyildi və dünya ictimaiyyəti tərəfindən qəbul olunmayacaq. Bir daha bu Assambleyada elan edirəm ki, İran heç vaxt nüvə bombası hazırlamağın ardınca olmayıb və olmayacaq”.
Prezidentin çıxışının tam mətni aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim
Cənab Baş katib;
Xanım sədr;
Hörmətli nümayəndələr;
Xanımlar və cənablar;
Bu ilin şüarı — «Səksən il və daha çox sülh, inkişaf və insan hüquqları üçün» — əslində həmrəylik və daha parlaq gələcəyə ortaq baxış üçün bir çağırışdır. Bizim dini inancımız və bütün peyğəmbərlərin dəvəti də bütün insanların hüquqlarının bərabərliyi əsasında qurulub. İnsanı daha dəyərli edən təqvadır; yəni düzlük, ağıl, paklıq və insanpərvərlik.
Bütün ilahi dinlərin və bəşəri vicdanın təməli bu qızıl qaydadır: «Özünə rəva görmədiyini başqalarına da rəva bilmə».
Həzrət İsa (ə) buyurmuşdur: “İnsanlarla elə rəftar edin ki, istərdiniz sizinlə də elə rəftar olunsun”.
İslam Peyğəmbəri (s) buyurmuşdur: “Sizdən heç biri həqiqi mömin olmaz, ta ki, başqaları üçün özünə istədiyini istəməsin”.
Hikmət sahibi Hillel Tövratın mahiyyətini belə ifadə etmişdir: “Özünə xoş olmayanı başqasına da rəva bilmə”.
Şərq ənənələrində də əsas təlim elə bu prinsipdir.
Sekulyar əxlaq məktəbləri də vicdana əsaslanan ağıl vasitəsilə eyni nəticəyə gəlib.
Əlahəzrətlər;
Dünyamız belədir? Gəlin son iki ilə nəzər salaq:
Son iki ildə dünya;
Qəzzada soyqırıma şahid oldu,
Livanda evlərin dağıdılmasına, suverenlik və ərazi bütövlüyünün dəfələrlə pozulmasına şahid oldu,
Suriyanın infrastrukturunun məhv edilməsinə şahid oldu,
Yəmən xalqına hücuma şahid oldu,
anaların qucağında arıqdüşmüş uşaqların məcburi aclığa düçar edilməsinə şahid oldu,
dövlətlərin suverenlik haqqına gizli basqınlara, ərazi bütövlüyünə təcavüzə və xalqların rəhbərlərinin açıq-aşkar hədəfə alınmasına şahid oldu,
həmçinin bütün bunlar dünyanın ən çox silahlanmış hökumətinin tam dəstəyi ilə və guya “özünümüdafiə” bəhanəsi altında baş verdi!
Bunları özünüz üçün istəyirsinizmi?
Kimdir regionun və dünyanın sabitliyini pozan?
Kimdir beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid?
Sionist rejimin və ABŞ-ın İranın şəhərlərinə, evlərinə və infrastrukturuna hava hücumları – özü də diplomatik danışıqlar yolunda addım atdığımız bir vaxtda – diplomatiyaya böyük xəyanət və sabitliklə sülhü bərqərar etmək səylərinə zərbə idi. Bu həyasız təcavüz bir sıra komandirlərin, vətəndaşların, uşaqların, qadınların, alimlərin və elmi elitanın şəhadətinə səbəb olmaqla yanaşı, beynəlxalq etimada və regionda sülh perspektivinə ağır zərbə vurdu.
Bu qətl və cinayətlərdən sizin görə biləcəyiniz – uşaqların, körpələrin, qadınların qətli, əslində isə İsrailin ölkəmizdə qadın, kişi, uşaq, gənc demədən törətdiyi kütləvi qətliam kitabıdır. Onlar guya ölkədə və regionda aramlıq və sülh yaratmaq adı ilə öz ölkələrində də iğtişaş yaratdılar və bu proseslə Qəzzada 35 min günahsız insanı qan içində qoydular, evlərini yerlə-yeksan etdilər, xəstəxanaları, poliklinikaları, məktəbləri dağıtdılar, insanların su, çörək, qida və dərman yollarını bağladılar.
Əgər bu təhlükəli norma pozuntularının qarşısında dayanmasaq, bu bidətlər bütün dünyanı bürüyəcəkdir;
beynəlxalq nəzarət və himayə altında olan nüvə obyektlərinə hücum,
BMT-yə üzv dövlətlərin rəhbərləri və rəsmi şəxslərinin açıq şəkildə öldürülməsinə cəhd,
jurnalistlərin və media əhlini sistematik hədəfə almaq,
həmçinin yalnız bilik və ixtisasına görə “hərbi hədəf”ə çevrilən insanların öldürülməsi.
Bunları özünüz üçün istəyirsinizmi?
Bu cinayətləri törədənlər bilməlidirlər ki, dünyanın ən qədim fasiləsiz sivilizasiyası olan İran hər zaman tarixin tufanları qarşısında möhkəm dayanmışdır. Bu millət uca ruhu və əbədi iradəsi ilə dəfələrlə sübut edib ki, işğalçılar qarşısında baş əymir və bu gün də iman gücünə və milli həmrəyliyə arxalanaraq işğalçıların qarşısında uca dayanmışıq.
12 günlük müdafiədə vətənpərvər və qəhrəman İran xalqı, təkəbbürlü işğalçıların xam hesablamalarını üzlərinə vurdu. İranın düşmənləri bilmədən müqəddəs milli birliyi möhkəmləndirdilər. İran xalqı ən ağır, uzunmüddətli və sarsıdıcı iqtisadi sanksiyalara, psixoloji və media müharibəsinə, davamlı təfriqə yaratma cəhdlərinə baxmayaraq, torpağına ilk güllə atılan andan igid silahlı qüvvələrinin yanında bir yumruq oldu və bu gün də şəhidlərinin qanını əziz tutur.
Mən burada İran xalqı adından, bu müharibədə İranla həmrəy olan bütün şəxsiyyətlərə, xalqlara, dövlətlərə, beynəlxalq və regional təşkilatlara səmimi təşəkkürümü bildirirəm.
Xanımlar və cənablar!
Bu gün – təxminən 2 illik soyqırım, kütləvi aclığa məhkum etmə, işğal olunmuş ərazilərdə aparteid siyasətinin davamı və qonşulara təcavüzdən sonra – “Böyük İsrail” adlı gülünc və xəyali layihə, bu rejimin ən yüksək dairələri tərəfindən həyasızcasına irəli sürülür.
Bu layihə regionun bir çox ərazilərini əhatə edir. Bu xəritə sionist rejimin həqiqi niyyət və məqsədlərinin göstəricisidir və son günlər onun baş naziri tərəfindən də təsdiqlənmişdir. Dünyada heç kəs bu rejimin təcavüzkar niyyətlərindən sığortalanmamışdır.
Aydındır ki, sionist rejim və onun himayədarları artıq siyasi yolla “normallaşma” ilə kifayətlənmirlər; varlıqlarını açıq-aşkar güc vasitəsilə diktə edirlər və buna “qüdrət yolu ilə sülh” adını qoyurlar. Lakin bu nə sülhdür, nə də qüdrət; bu yalnız zorakılığa və quldurluğa əsaslanan təcavüzdür.
Amma biz güclü İranımızı güclü qonşularımızla birlikdə güclü bir bölgədə, parlaq bir gələcəkdə görmək istəyirik.
Biz soyqırımı, dağıntını və qeyri-sabitliyi regiona sırıyan böyük layihənin qarşısında ortaq və ümidverici bir mənzərəni müdafiə edirik:
Təhlükəsizliyi real müdafiə əməkdaşlığı mexanizmləri və təhdidlərə birgə reaksiya ilə təmin edən bir mənzərəni,
İnsan ləyaqətini və mədəni müxtəlifliyi əsas dəyər kimi qoruyan bir mənzərəni,
Ortaq sərmayə və yeni biliklərə əsaslanan inkişafı gerçəyə çevirən bir mənzərəni,
Enerji təhlükəsizliyini və həyati resurslardan ədalətli istifadəni iqtisadi sabitliyin sütunu sayan bir mənzərəni,
Gələcək nəsillər üçün ətraf mühiti qoruyan bir mənzərəni,
Milli suverenliyi və ölkələrin ərazi bütövlüyünü danışıqsız prinsiplər kimi qəbul edən bir mənzərəni,
Gücə əsaslanan saxta sülh yox, əslində “sülh yolu ilə güc” anlayışını önə çıxaran bir mənzərəni.
Bu güclü bölgədə qətl və qan tökülməsinə yer yoxdur. Elə buna görə də ölkəm uzun illərdir ki, Kütləvi qırğın silahlarından azad bir bölgənin yaradılmasının ən qətiyyətli tərəfdarlarından olmuşdur. Amma ən böyük nüvə arsenalına sahib olanlar və NPT müqaviləsini kobud şəkildə pozaraq silahlarını gündən-günə daha öldürücü və dağıdıcı edənlər illərdir əsassız ittihamlarla xalqımızı təzyiq altında saxlayırlar.
Ötən həftə üç Avropa ölkəsi – 10 illik öhdəlik pozuntusundan, sonra isə hərbi təcavüzü dəstəkləməklə məğrur İran xalqını diz çökdürə bilmədikdən sonra – ABŞ-ın göstərişi ilə təzyiq, quldurluq, diktə və aşkar sui-istifadə vasitəsilə ləğv olunmuş Təhlükəsizlik Şurası qətnamələrini yenidən bərpa etməyə çalışdılar.
Bu yolda:
xoş niyyəti kənara qoydular,
hüquqi öhdəlikləri tapdaladılar,
ABŞ-ın JCPOA-dan çıxmasına və Avropanın tam acizliyinə qarşı İranın qanuni əks-addımlarını “kobud pozuntu” kimi qələmə verdilər,
özlərini saxta şəkildə «etibarlı tərəf» kimi təqdim etdilər və
İranın səmimi səylərini “kifayətsiz” adlandırdılar.
Bütün bunlar isə, özlərinin çoxmillətli diplomatiyanın ən böyük nailiyyəti saydıqları JCPOA-nı məhv etmək üçün idi.
Bu qeyri-qanuni addım BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin də etirazı ilə üzləşdi, beynəlxalq legitimliyi yoxdur və dünya ictimaiyyəti tərəfindən qəbul olunmayacaq.
Bir daha bu məclisdə bəyan edirəm ki, İran heç vaxt nüvə silahı hazırlamaq istəməmişdir və istəməyəcəkdir. Biz kütləvi qırğın silahlarının ardınca deyil, bu bizim dini inancımız və Ali Rəhbərin fətvasıdır. Buna görə də biz o silahların ardınca olmamışıq və olmayacağıq.
Regionda sülhü pozan İsraildir, amma sanksiyalara məruz qalan İran olur. Bizdə bir məsəldir deyirlər: “Günahı Bəlxdə dəmirçi etdi, amma Şuşterdə misgərin başını vurdular”. Yəni birisi bölgəni qarışdırır, amma başqasını sanksiya edirlər.
Xanımlar və cənablar,
İran İslam Respublikası sülh və sabitliyi alqışlayır. Biz inanırıq ki, bölgənin və dünyanın gələcəyi əməkdaşlıq, etimad və ortaq inkişaf əsasında formalaşmalıdır və bu çərçivədə:
İran Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh prosesini dəstəkləyir,
İran ümid edir ki, Ukraynadakı müharibəyə son qoymaq üçün göstərilən səylər Rusiya və Ukrayna arasında ədalətli və davamlı bir razılaşma ilə nəticələnəcəkdir,
İran iki qardaş müsəlman ölkəsi – Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə paktını, Qərbi Asiya müsəlman ölkələrinin siyasi, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı ilə əhatəli bir regional təhlükəsizlik sisteminin başlanğıcı kimi alqışlayır,
nəhayət, İsrail rejiminin Qətərə qarşı törətdiyi, bir sıra fələstinli və qətərli vətəndaşın şəhid olması ilə nəticələnmiş cinayətkarcasına təcavüzünü pisləyir və Qətər dövləti və xalqı ilə həmrəyliyimizi və dəstəyimizi bəyan edirik.
Xanımlar və cənablar,
Həqiqi təhlükəsizlik zorla deyil, etimad quruculuğu, qarşılıqlı hörmət, regional yaxınlaşma və beynəlxalq hüquqa əsaslanan çoxtərəflilik vasitəsilə əldə olunur. Bu əsasda mən hamını dəvət edirəm:
səsimizi qaldırmaq əvəzinə bir-birimizi “dinləməyi” məşq edək,
bu gün yalnız beynəlxalq ictimaiyyəti deyil, həm də cəmiyyətlərin içini gərginlik və qarışıqlığa sürükləmiş ikiliq və siyasi zorakılıq düşüncələrinin əsaslarını yenidən nəzərdən keçirək,
bütün inanclar və mədəniyyətlərin ortaq mövqeyi olaraq, anlayış və hadisələri qərəzli şəkildə yozmaq əvəzinə, özümüz üçün bəyənmədiyimizi başqaları üçün də rəva görməyək,
beynəlxalq hüquq institutlarının və mexanizmlərinin etibarını bərpa və yenidən qurmaq üçün çalışaq və
Qərbi Asiyada regional təhlükəsizlik və əməkdaşlıq sistemi yaratmağa sadiq olaq.
Xanımlar və cənablar,
Biz iranlılar gücümüzü dünyada göstərmişik;
Nə iyirminci əsrdə yüz minlərlə insanın kütləvi qətli ilə nəticələnmiş nüvə silahlarının istehsalı və istifadəsi ilə, nə də iyirmi birinci əsrdə Qəzzə uşaqlarına aclıq yükləyən soyqırımı ilə,
Hətta İranın tarixi imperiyaları ilə də deyil,
Əksinə, Moləvi və Hafiz kimi dünyaya rəhmət və həmrəylik mesajı yayan böyük şəxsiyyətlərin mədəniyyəti və 800 il əvvəl Sədinin söylədiyi bu beytlərlə:
Bəni-Adam bədən üzvləri kimidir / Yaradılışda bir mahiyyətdən gəlmişdir
Əgər zaman bir üzvü ağrıtsa / Digər üzvlər rahat qala bilməz
Sən ki, başqasının iztirabına biganəsən / Sənə insan adı layiq deyil
Uşaqları öldürərək lovğalanan cinayətkarlar nəinki insan adını haqq etmirlər, həm də heç vaxt etibarlı tərəfdaş ola bilməzlər.
İran qədim insanpərvərlik ənənəsinə arxalanaraq, bütün sülhpərvər ölkələr üçün dayanıqlı tərəfdaş və etibarlı yoldaşdır; belə bir dostluq və tərəfdaşlıq ki, ötəri mənafelərə deyil, izzətə, etimada və ortaq gələcəyə əsaslanır.
Biz, İran torpaqlarının dikduran insanları, qanunsuz üsyançılara qarşı duraraq, ədalətsizlikləri, ayrı-seçkilikləri və ikili standartları başıuca dəf etmişik və bundan sonra da edəcəyik. Bu gün isə fürsət yönümlü baxışla, İran xalqının bu tarixi nailiyyətini ümidlə dolu bir gələcəyə sıçrayış üçün pilləkənə çevirmişik.
Gəlin, bizlə birlikdə təhdiddən fürsət yaradaq.
4306892