“İQNA”-nın “Arabi 20”yə istinadla verdiyi xəbərə görə, “2025-ci ilin ən təsirli ərəb lideri”nin seçilməsi üçün keçirilən sorğunun son nəticələrində üst sıralarda əhəmiyyətli dəyişikliklər müşahidə olunub. Yəmən Ənsarullah hərəkatının lideri Əbdülməlik Hüsi, Suriya dövlət başçısı Əhməd Şərəyi geridə qoyaraq dördüncü pilləyə yüksəlib. Əhməd Şərə isə beşinci yerə düşüb.
“Russia Today” tərəfindən yayımlanan sorğuya görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman hələ də ərəb liderləri arasında ən təsirli şəxsiyyət olaraq siyahının başında yer alır və yaxın rəqiblərinə nisbətən böyük fərqlə mövqeyini qoruyur.
Məhəmməd bin Salman ümumi səslərin 63.67 faizini, yəni 53,050 səs toplayaraq sorğuda birinci yerdədir.
İordaniya kralı II Abdullah 25.12 faiz səs, ümumilikdə 20,925 səs toplayaraq ikinci yerdə mövqeyini qoruyub. Misir prezidenti Əbdülfəttah əs-Sisi isə 4.28 faiz səs, yəni 3,567 səs toplayaraq üçüncü yerdə qərarlaşıb.
Yeni dəyişikliklərə görə, Yəmən Ənsarullah hərəkatının lideri Əbdülməlik Hüsi 1.83 faiz səs, yəni 1,521 səs toplayaraq dördüncü pilləyə yüksəlib və Suriya dövlət başçısı Əhməd Şərəyi geridə qoyub. Əhməd Şərə ilkin nəticələrə görə 1.64 faiz səs, yəni 1,370 səs toplayaraq beşinci yerə enib.
Səsvermə prosesi hələ də davam edir və ictimai iştirak müəyyən olunmuş vaxtadək davam edəcək. Səsvermənin 2026-cı il yanvarın 9-da gecə yarısı başa çatacağı, yekun nəticələrin isə ertəsi gün günorta saatlarında rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Bu sorğu ərəb ictimai rəyinin ilin ən təsirli lider simaları barədə meyllərini ölçmək məqsədilə keçirilir. İştirakçılara isə səsvermə müddətinin son anlarına qədər səs vermək imkanı yaradılıb ki, yekun nəticələr və rəsmi sıralama elan olunmazdan əvvəl öz seçimlərini etsinlər.
4326653