IQNA

Ənsarullah Siyasi Bürosunun “Əqsa Tufanı” əməliyyatının ikinci ildönümü münasibətilə bəyanatı

9:50 - October 09, 2025
Xəbər sayı: 3499004
İQNA - Yəmənin Ənsarullah hərəkatının Siyasi Bürosu “Əqsa Tufanı” əməliyyatının ikinci ildönümü münasibətilə bəyanat yayaraq, Fələstin xalqını salamlayıb, onların möhkəm duruşunu və fədakarlıqlarını yüksək qiymətləndirib, Fələstin müqavimətini “azadlıq və ləyaqət dastanı” adlandırıb.

“Əl-Aləm” kanalının məlumatına görə, bəyanatda Ənsarullah bütün Fələstin müqavimət qruplarına, xüsusilə HƏMAS və İslami Cihad hərəkatlarına təşəkkür edib, həmçinin Fələstin uğrunda öz görkəmli komandirlərini qurban vermiş müqavimət oxunun dəstək cəbhələrinə ehtiramını bildirib.

Ənsarullah Siyasi Bürosu 7 oktyabr 2023-cü il əməliyyatını sionist rejimin cinayətlərinə qarşı “təbii, əxlaqi, milli və insani bir cavab” adlandırıb və vurğulayıb ki, bu addım elə bir vaxtda atılmışdı ki, dünya artıq Fələstin məsələsini və iki milyondan çox fələstinlinin əzabını unutmuşdu.

Bəyanatda sionist rejim ABŞ-ın birbaşa dəstəyi ilə “soyqırım müharibəsi” aparmaqda ittiham olunur və qeyd edilir ki, Vaşinqton bu rejimi müqavimətin zərbələrindən qorumaq məsuliyyətini öz üzərinə götürüb.

Ənsarullah həmçinin vurğulayıb ki, Yəmən xalqının Fələstinə dəstək meydanına çıxması dini, əxlaqi və insani prinsiplərə əsaslanır və son iki il ərzində Seyid Əbdülməlik əl-Husinin rəhbərliyi altında Yəmən Fələstin xalqını dəstəkləməkdə misilsiz bir nümunə göstərib.

Bəyanatda qeyd olunur ki, Yəmən Silahlı Qüvvələrinin əməliyyatları mühüm təsir göstərib və sionist düşmən, həmçinin onun beynəlxalq himayədarları bu əməliyyatların səmərəsini etiraf ediblər.

Ənsarullah Siyasi Bürosu Yəmən xalqının, o cümlədən baş nazirin və bir neçə nazirin Fələstin yolunda şəhid olması da daxil olmaqla göstərdiyi fədakarlıqlara işarə edib, bir daha Qəzzədəki “soyqırım və etnik təmizləmə cinayətlərinə” qarşı çıxıb və “aclıq və humanitar mühasirə” siyasətini qəti şəkildə pisləyib.

Bəyanatda ərəb, islam ölkələri və beynəlxalq ictimaiyyətin sionist rejimin təcavüzünü dayandırmaq və Qəzzə mühasirəsini aradan qaldırmaq üçün təzyiq göstərməsi tələb edilir və Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququna, həmçinin bütün işğal olunmuş torpaqlarda müstəqil Fələstin dövlətinin qurulmasına dəstək ifadə olunur.

Ənsarullah həmçinin xəbərdarlıq edib ki, yeni sionist-amerikan fitnəsi davam edir və Fələstin müqavimət qruplarının uzaqgörənliyinə və dözümünə tam etimad bəslədiyini bildirərək, Yəmənin Qəzzəyə qarşı təcavüz tam dayanmayınca və mühasirə aradan qalxmayınca dəstəyini davam etdirəcəyini vurğulayıb.

4309666

captcha