“İQNA”-nın “əl-Əhd”ə istinadla verdiyi xəbərə görə, Livana səfəri planlaşdırılan 14-cü Papa Leoya ünvanlanan rəsmi məktubda Hizbullah onun gəlişinə xoş gəldiniz deyib və Livanı dini və mədəni müxtəlifliyə malik bir ölkə adlandırıb. Məktubda qeyd olunur ki, mərhum 2-ci Papa İohan Pavelin sözləri ilə desək, Livan “dünyaya bir mesaj” və dinlərin və insanların birgə yaşamasının nümunəsidir.
Məktubda vurğulanır ki, insana və onun hüquqlarına hörmət təkcə fərdləri deyil, xalqları da əhatə edir və bəzi güclərin digər xalqların hüquqlarına məhəl qoymaması bu gün dünyanın üzləşdiyi bir çox müharibə və böhranların mənbəyidir.
Hizbullah məktubun davamında son iki ildə Qəzzada baş verən hadisələrə toxunaraq, bunu “təşkilatlanmış soyqırım” adlandırıb və qeyd edib ki, Fələstin xalqının iztirabları onların torpaq, ev və taleyinə dair haqlarının sionist işğalçılar tərəfindən tapdalanması və beynəlxalq sistemin ədalətsizliyi nəticəsində yaranıb.
Hərəkat həmçinin Sionist rejimin Livana qarşı davam edən təcavüzlərinə işarə edərək bildirib ki, bu addımların məqsədi Livanın təbii sərvətlərinə — su və qazına — nəzarət etmək və Livan xalqına siyasi və təhlükəsizlik baxımından öz tələblərini diktə etməkdir.
Məktubun davamında deyilir: Sionist rejim bəzi böyük güclərin dəstəyi ilə bölgə xalqlarının hüquqlarına məhəl qoymur və onların təhlükəsizliyi ilə sabitliyini təhdid edir.
Hizbullah məktubun digər bir hissəsində vurğulayır: “Biz birgəyaşayışa, daxili sakitliyin qorunmasına və milli suverenliyin müdafiəsinə sadiqik və xalqla yanaşı, ölkənin müdafiə qüvvələri ilə birlikdə hər cür işğal və təcavüzə qarşı duracağıq.”
Sonda Hizbullah 14-cü Papa Leoya müraciətlə bildirib ki, onun ədalət, sülh, azadlıq və insanın zülmə qarşı müdafiəsi mövzusundakı mövqelərinin açıq və təsirli olması gözlənilir.
Türkiyəyə səfər edən 14-cü Papa Leonun bazar günü Livana gələcəyi bildirilir.
Papanın Beyruta səfərinin əsas istiqamətləri siyasi və dini liderlərlə görüş, Livanın sosial və dini vəziyyətinin müzakirəsi və Yaxın Şərqdə qarşıdurmaların sona çatmasının zərurətinə vurğu etməkdir.
4319864