IQNA

Yəhudi təşkilatlarının Netanyahuya amnistiyaya etirazı

4:19 - December 08, 2025
Xəbər sayı: 3499361
İQNA - Yəhudi təşkilatları sionist rejimin prezidentindən bu rejimin baş nazirinə amnistiya verməməsini tələb ediblər.

“İQNA”-nın “Bawabat al-Fath”a istinadən verdiyi xəbərə görə, on səkkiz beynəlxalq yəhudi təşkilatı sionist rejimin prezidenti İshaq Hersoqa müraciət edərək, korrupsiya ittihamı ilə məhkəmədə mühakimə olunan baş nazir Benyamin Netanyahunun bağışlanmasından çəkinməsini istəyiblər. Onlar hesab edirlər ki, ona amnistiya verilməsi “qanunun aliliyinə təhdid və ictimai etimadın zəifləməsi” olacaq. 

İvritdilli “Maariv” qəzeti bazar günü xəbər verib ki, bu tələb beynəlxalq yəhudilərin dəstək qrupu “UnXeptable” tərəfindən yayımlanan və “İsrail Demokratiyasını Müdafiə Fondu”, “J Street” və “We Democracy” kimi təşkilatlar tərəfindən imzalanan məktubda yer alıb. 

Məktubda xəbərdarlıq edilir ki, məhkəmədə mühakimə olunan baş nazirə amnistiya verilməsi “dağıdıcı mesaj” göndərir, məhkəmə hakimiyyətinin müstəqilliyini zəiflədir və İsrailin beynəlxalq səviyyədə imicinə zərər vurur. Həmçinin qeyd olunur ki, bu addım siyasi hakimiyyətlə məhkəmə sistemi arasında sağlam olmayan ayrılıq kimi yozula bilər. 

Bu təşkilatlar Netanyahunun bu mərhələdə amnistiya olunmasını “təhlükəli və qeyri-sabitləşdirici addım” adlandırıblar. Çünki bu, icra hakimiyyətinin məhkəmə sistemini yan keçə biləcəyini göstərir və nəticədə ictimaiyyətin məhkəmə sisteminin müstəqilliyinə olan etimadını təhdid edir. 

Onlar həmçinin İngiltərədə yaşayan israilliləri və dünya üzrə yəhudi icmalarını təzyiq kampaniyasına qoşulmağa çağırıblar və bildiriblər ki, “minlərlə israilli məhkəmə prosesləri başa çatmadan hər cür amnistiyaya qarşı qəti etirazlarını bəyan ediblər.” 

13 noyabrda ABŞ prezidenti Donald Tramp Hersoq ofisinə rəsmi məktub göndərərək Netanyahunun bağışlanmasını istəmişdi. 

Bir həftə əvvəl isə Netanyahu özünə qarşı irəli sürülən ittihamları qəbul etmədən rəsmi amnistiya müraciəti etmiş və video mesajında bu ittihamların “qanunsuz” olduğunu vurğulamışdı. O, işin bağlanmasının – onun sözlərinə görə – daxili gərginliklərin azalmasına və “milli barışığın” təşviqinə kömək edəcəyini bildirmişdi. 

Hersoq ofisi isə açıqlama verərək bildirib ki, bu “əhəmiyyətli nəticələri olan istisna bir müraciətdir və prezident bütün müvafiq rəyləri aldıqdan sonra bu müraciəti məsuliyyətlə və səmimiyyətlə nəzərdən keçirəcək.” 

4321544

captcha