IQNA

Malayziya nazirinin hicaba dəstək qərarına təşəkkürü

11:06 - December 10, 2025
Xəbər sayı: 3499374
İQNA – Malayziyanın dini işlər naziri Məhəmməd Nəim Muxtar, “AirAsia” aviaşirkətinin qadın bələdçilərə forma geyiminin bir hissəsi kimi hicab taxmağa icazə verməsi qərarına görə təşəkkürünü bildirib.

“İQNA”-nın “Bernama” agentliyinə istinadən verdiyi xəbərə görə, nazir bəyan edib: “AirAsia” aviaşirkətinin qadın bələdçilərə 2026-cı ilin əvvəlindən hicab taxmağa icazə verməsi qərarı irəliyə atılmış mühüm addım və xoş bir təşəbbüsdür. 

O, “Facebook”dakı bəyanatında vurğulayıb: “Bu qərar şirkətin müxtəliflik və inklüzivlik prinsiplərinə sadiqliyini, həmçinin müsəlman bələdçilərin dini istəklərinə hörmətini göstərir”. 

Məhəmməd Nəim Muxtar bildirib: “AirAsia” kimi qabaqcıl şirkətə yeni vahid forma siyasətini elan etdiyinə görə ən yüksək təşəkkür və təbriklərimi çatdırmaq istəyirəm. Şirkət rəhbərliyini bu müdrik qərar münasibətilə təbrik edir və onu alqışlayıram.” 

Mesajın davamında qeyd olunub: “Həmçinin bu məsələnin həyata keçməsi üçün müzakirələr aparan və “AirAsia” ilə davamlı əlaqə saxlayan alimlərə və maraqlı tərəflərə də təşəkkürümü bildirirəm.” 

Nazir bu dəyərli təşəbbüsün 2026-cı ilin ilk rübündə icra olunacağını və hicab geyiminə nail olmaqda uğurun açarı olduğunu vurğulayıb. 

O, ümid etdiyini bildirib ki, “AirAsia”nın Malayziya Konstitusiyasına uyğun olan bu qərarı digər Malayziya şirkətləri üçün də nümunə olacaq və onlar da hicaba diqqət göstərərək əməkdaşlarının dini vəzifələrini yerinə yetirməsinə dəstək verəcəklər. 

Qeyd edək ki, “AirAsia” aviaşirkəti kabin bələdçilərinin forma siyasətini yeniləyib ki, qadın əməkdaşlar istədikləri halda vəzifə icrası zamanı hicab taxmaq imkanına malik olsunlar.

 

قدردانی وزیر مالزیایی از تصمیم شرکت هواپیمایی در حمایت از حجاب

 

Bu dəyişiklik 2026-cı ilin ilk rübündə, Müqəddəs Ramazan ayına təsadüf edəcək. 

“AirAsia” Qrupunun baş direktoru Bu Lingam deyib: “Son dəyişikliklərdən qürur duyuram. Bu, “AirAsia”nın qlobal aviaşirkət kimi inkişafını və müxtəlif işçi qüvvəsini əks etdirir. Formamız hər zaman peşəkarlığı, təhlükəsizliyi və rahatlığı təcəssüm etdirib. Bu addım isə bələdçilərə inancları ilə uyğun şəkildə “AirAsia”nı təmsil etməkdə özünəinam verir.” 

Əvvəllər hicab yalnız Ciddə (Səudiyyə Ərəbistanı) reyslərində istifadə olunurdu. Yeni siyasət isə bütün qadın kabin bələdçilərinə bu imkanı verir, “AirAsia” şəbəkəsində vahidliyi təmin edir və eyni zamanda şirkətin peşəkar və fərqli kimliyini qoruyur. 

Buna əsasən, “AirAsia”nın simvolik qırmızı forması dəyişməz qalacaq, lakin hicab və peşəkar tikilmiş şalvar seçimi qadın bələdçilərə istədikləri halda digər reyslərdə də istifadə imkanı verəcək. 

4321706

Teqlər: malayziya ، hicab ، İslam ، təyyarə
captcha