IQNA

Qurani-Kərimdə İstiğfar / 3

Həzrət Əlinin (ə) kəlamında istiğfarın həqiqəti

15:19 - December 11, 2025
Xəbər sayı: 3499383
İQNA – Həzrət Əli (ə) bir rəvayətdə istiğfarın həqiqətini bəyan edərək onun altı həddini açıqlayır.

Rəvayətdə deyilir ki, Kümeyl ibn Ziyad Həzrət Əlidən (ə) soruşur: “Bəndə günah edir və onun üçün Allahdan istiğfar diləyir. İstiğfarın mənası və tərifi nədir?” Həzrət qısa şəkildə onu tövbə kimi təsvir edir. Kümeyl istiğfarın necə olmasını soruşur, Həzrət buyurur: “Bəndə günah etdiyi zaman dodaq və dilini hərəkətə gətirib “Əstəğfirullah” desin və niyyəti bu sözünü həqiqətə bağlamaq olsun”. Kümeyl soruşur: “Həqiqətin mənası nədir?” Həzrət cavab verir: “Qəlbdə inanmaq və qərara gəlmək ki, istiğfar etdiyi günahı bir daha təkrar etməsin”. 

Kümeyl deyir: “Əgər belə etsəm, onda mən istiğfar edənlərdən sayılarammı?” Həzrət buyurur: “Xeyr, çünki hələ onun əsasına çatmamısan”. Kümeyl soruşur: “İstiğfarın əsası nədir?” Həzrət cavab verir: “İstiğfar etdiyin günahdan tövbəyə yönəlmək – bu, abidlərin ilk dərəcəsidir – və günahı tərk etməkdir. İstiğfar adı altı mənanı özündə cəmləyir: 

1. Keçmişə görə peşman olmaq; 

2. Bir daha həmin günaha qayıtmamaq qərarına gəlmək; 

3. Boynunda olan hər bir məxluqun haqqını ödəmək; 

4. Allahın haqqını hər vacibdə yerinə yetirmək; 

5. Haramdan bədənində bitmiş ətləri əridmək ki, dəri sümüyə yapışsın, sonra onların arasında halal və təzə ət bitsin; 

6. Bədənə itaətlərin əziyyətini daddırmaq, necə ki, ona günahların ləzzətini daddırmısan”. 

Bu tərifdə bağışlanma istəyi və həqiqi istiğfar tövbə ilə birgədir. Lakin Həzrətin buyurduğu kimi, istiğfarın ruhu və həqiqəti qəlbi peşmanlıqdır. Çünki insan öz xətasına görə peşman olmadıqca, həqiqətən Allah-Taaladan bağışlanma diləyə bilməz. İmam Rza (ə) buyurur: “Hər kəs dili ilə istiğfar etsə, lakin peşman olmasa, əslində özünü istehza etmiş olur”. 

Bu əsasla, Əmirəlmöminin (ə) “qəlbi peşmanlığı” tövbənin sütunlarından biri sayır. Peşmanlığın həqiqi istiğfarın reallaşmasındakı rolu o qədərdir ki, başqa bir hədisdə buyurur: “Peşmanlıq – istiğfardır”. Əmirəlmömininin (ə) kəlamı haqqın tanınmasının əsasıdır və onu mübaliğə saymaq olmaz. Çünki həqiqi peşmanlıq günahı təkrar etməmək qərarını və keçmişi bərpa etməyi özü ilə gətirir. Beləliklə, Əmirəlmömininin (ə) hədisində istiğfar üçün bəyan olunan altı həddin hamısı həqiqi peşmanlıq (istiğfarın ruhu) ilə bağlıdır. Əlbəttə, başqaları üçün istiğfar sadəcə Allah-Taaladan onlar üçün bağışlanma diləmək deməkdir. 

3495227

Teqlər: istiğfar ، quran ، həzrət Əli ، tövbə
captcha