“İQNA”-nın “Fələstin Şəhab” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Həmas bəyan edib ki, sionist rejimin öhdəliklərinə əməl etməməsi, xüsusilə humanitar protokol çərçivəsində və qış fəslinin başlanması ilə birlikdə məskunlaşma üçün lazım olan ilkin materialların daxil olmasına mane olması vəziyyəti daha da ağırlaşdırıb. Soyuq hava köhnə çadırlara və müvəqqəti sığınacaqlara zərər vurur, bu isə Qəzza xalqının iztirabını hər gün daha da artırır.
Bəyanatda vurğulanıb: “Cinayətkar düşmən Qəzza xalqının üzləşdiyi fəlakətli şəraitin tam məsuliyyətini daşıyır. Bu şərait rejimin məskunlaşma ləvazimatlarının daxil olmasına qəsdən mane olması və yüz minlərlə qaçqının qış ərəfəsində əzablarını artırmaq cəhdlərinin nəticəsidir. Mövcud çadırlar soyuq və fırtınalara qarşı davam gətirə bilmir.”
Bəyanatın digər hissəsində Həmas vasitəçilərə və atəşkəs razılaşmasının icrasına zəmanət verən ölkələrə müraciət edərək, sionist rejimə birbaşa təzyiq göstərməyə çağırıb. O, rejimin fələstinlilərin məskunlaşması üçün lazım olan bütün materialların daxil olmasına icazə verməsini və Rafah keçid məntəqəsinin razılaşma şərtlərinə uyğun olaraq hər iki istiqamətdə açılmasını tələb edib ki, zərərçəkmişlərin insan ləyaqəti qorunsun.
Bəyanat həmçinin ərəb və islam ölkələrini, eləcə də bütün dövlət və xalqları fələstin xalqı ilə həmrəylik səviyyəsini artırmağa, sionist rejimə davamlı təcavüzlərini dayandırmaq üçün təzyiq göstərməyə və onu humanitar protokolda nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyə məcbur etməyə çağırıb. Bununla fələstin xalqı bərpa prosesinə başlaya biləcək.
4322359