IQNA

Məscidlərin dağıdılması və Hindistanda İslamofobiyanın güclənməsi

11:13 - December 24, 2025
Xəbər sayı: 3499463
İQNA – Hindistanda artmaqda olan İslamofobiya dalğası və onun birbaşa müsəlman icmasına təsiri fonunda, hakimiyyətin bu icmaya qarşı ayrı-seçkilik tədbirləri getdikcə artır və dini azlıqların insan haqları və azadlıqları ilə bağlı ciddi narahatlıqlar doğurur.

“İQNA”-nın “Sout Pakistan” saytına istinadla verdiyi xəbərə görə, Hindistan müsəlmanları müqəddəs məkanlarını hədəfə alan və onları kənara sıxışdırmağa yönəlmiş kampaniya ilə üz-üzədirlər ki, bu da onların əsas hüquqlarının daha da məhv edilməsi təhlükəsini yaradır. 

Bu ayrı-seçkilik tədbirlərinin ən bariz nümunələrindən biri Himachal Pradeş ştatının Şimla şəhərində yerləşən Sanjavli məscidinin üst qatlarının dağıdılmasıdır. Büdcənin təsdiqindən sonra məscidin üst qatlarının sökülməsinə başlanılıb. 

Bundan əvvəl məscidin iki qatı dağıdılmışdı ki, bu da yerli sakinlərin qəzəbinə səbəb olmuş və onların fikrincə, bu addım müsəlman icmasını və onların ibadət məkanını qəsdən hədəfə almaq məqsədi daşıyırdı. 

Məscid komitəsinin sədri Məhəmməd Lətif bu addımdan narazılığını bildirərək qeyd edib ki, bu tədbirlərin heç bir məntiqi izahı yoxdur, yalnız müsəlmanların ölkədəki mövqeyini zəiflətmək və onları kənara sıxışdırmaq üçün sistematik siyasətin bir hissəsi ola bilər. 

O vurğulayıb ki, hakimiyyət orqanları xalqın etirazlarına və yerli icmanın dini hisslərinə baxmayaraq bu addımı atıblar. 

Bu məsələ yalnız Sanjavli məscidi ilə məhdudlaşmır. Uttarakhand ştatının Kandugal kəndində bir məscidin birinci və ikinci mərtəbəsi qeydiyyat və tikinti icazəsi olmadığı üçün bağlanıb. 

Halbuki həmin bölgələrdə bir çox qeyri-qanuni tikililər hələ də qalmaqdadır. İbadət məkanlarının hədəfə alınması isə hakimiyyətin niyyətləri ilə bağlı suallar doğurur. Bu tələsik tədbirlər müsəlman icmasında gələcəkdə bu siyasətin daha da güclənəcəyi ilə bağlı narahatlıq və güvəncizlik hissi yaradır. 

Mütəxəssislərin sözlərinə görə, bu tədbirlər dövlət dəstəyi ilə həyata keçirilən daha geniş İslamofobiya çərçivəsinə daxildir. Onlar qeyd edirlər ki, Hindistanın Baş naziri Narendra Modi müsəlman icmasını kənara sıxışdırmaq və onların dini azadlıqlarını məhdudlaşdırmaq üçün hüquqi və inzibati vasitələrdən istifadə edir. 

Modi hakimiyyətə gəldiyi vaxtdan bəri Hindistanda hindu kimliyini gücləndirməyə və azlıqları, xüsusilə də təxminən əhalinin 14 faizini təşkil edən müsəlmanları zəiflətməyə yönəlmiş siyasətlər həyata keçirilir. 

Mütəxəssislərin fikrincə, hazırkı hökumət yeni qanunların məscidlərə tətbiqi və dini fəaliyyətlər üzərində nəzarətin gücləndirilməsi kimi özbaşına tədbirlər vasitəsilə müsəlmanları hədəfə alan bir mühit formalaşdırır. Bu siyasətlər yalnız məscidlərin fiziki dağıdılması ilə məhdudlaşmır, həm də dini ayinlərin icrası və təhsil kimi şəxsi azadlıqların məhdudlaşdırılmasını əhatə edir. 

4324459

captcha