IQNA

ABŞ-ın Venesuelaya təcavüzünə beynəlxalq reaksiyalar davam edir

9:16 - January 05, 2026
Xəbər sayı: 3499540
İQNA – ABŞ-ın Venesuelaya hərbi hücumu və bu ölkənin bəzi bölgələrinin bombalanması nəticəsində Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının qaçırılması beynəlxalq aləmdə dövlətlər tərəfindən pislənib. Bununla yanaşı, sionist rejim bu Amerika təcavüzündən duyduğu sevincini gizlədə bilməyib.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, bir sıra ABŞ Konqresi üzvləri Trampın Venesuelaya hərbi müdaxiləsinə qarşı çıxıblar. 

Demokrat senator və ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədr müavini “Cek Rid” bildirib: “Tramp icazəsiz olaraq xarici bir ölkəyə qarşı müharibə başlatdı.” 

O əlavə edib: “Baş verənlər Konstitusiyanın açıq-aşkar pozulmasıdır, çünki müharibə elan etmək səlahiyyəti yalnız Konqresə məxsusdur, prezidentə yox.” 

Amerikalı senator vurğulayıb: “Rejimlərin zorakı və birtərəfli dəyişdirilməsi beynəlxalq nizamı zəiflədir; biz bu nizama Ukraynanın işğalını pisləmək və Çini çəkindirmək üçün güvənirik.” 

Eyni zamanda, ABŞ Konqresinin Demokrat üzvü “Ayana Presli” deyib: “Venesuelanın bombalanması və Maduronun qaçırılması ABŞ Konstitusiyasının və beynəlxalq qanunların açıq şəkildə pozulmasıdır.” 

Kamala Harris: Amerikalı əsgərlərin həyatı təhlükə altındadır  

Bu kontekstdə, ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris qeyd edib ki, Donald Trampın Venesuelaya hücumu heç bir hüquqi əsas və ABŞ üçün daxili fayda daşımır. O bildirib: “Tramp administrasiyası Venesuelaya müdaxiləni bitirmək və ya qüvvələri geri çəkmək üçün heç bir konkret plan təqdim etməyib və bu məsələ ABŞ-ı uzunmüddətli və baha başa gələn böhrana sürükləyə bilər.” 

Harris sosial şəbəkə “X”dəki hesabında yazıb: “ABŞ-ın Venesuelaya hücumu xaos təhlükəsi yaradır və bunun xərclərini amerikalı ailələr ödəyəcəklər.” 

O əlavə edib: “Amerika xalqı belə bir şeyi istəmir. Amerikalılar yalanlardan yorulublar.” 

Harris daha sonra vurğulayıb: “Nikolas Maduronun – Venesuela prezidentinin – qaçırılması qeyri-qanuni və qeyri-məntiqli bir addım idi. Trampın Karakasa qarşı hərəkətləri ABŞ-ın təhlükəsizliyini və gücünü artırmayacaq.” 

O həmçinin qeyd edib ki, Trampın Venesuelaya hücumunun əsas məqsədi bu ölkənin neft resurslarına nəzarət etmək və ABŞ prezidentinin bölgədə diktator rolunu oynamaq istəyidir. Harris xəbərdarlıq edib: “Bu addım amerikalı əsgərlərin həyatını təhlükə altına qoyur və milyardlarla dollar xərclə nəticələnəcək.” 

Avropa qitəsinin təhlükəsizlik boşluğundan narahatlığı 

Brüsseldə yüksək səviyyəli bir Avropa diplomatı TASSla söhbətində vurğulayıb: “Maduronun zor və şiddət vasitəsilə qaçırılması dünya üçün açıq bir mesajdır; ABŞ siyasi məqsədlərinə çatmaq üçün hərbi gücdən birbaşa istifadə edir, hətta bu, BMT üzv dövlətlərinin suverenliyini tapdalamaq bahasına olsa belə.” 

O əlavə edib: “Bu mesaj Avropaya da çatıb. NATO-nun 75 illik tarixində ilk dəfə Avropa ölkələri özlərini siyasi tərəfdaş kimi görmür, əksinə ABŞ qarşısında potensial hədəf olaraq görürlər, xüsusilə bu ölkənin Qrenlandiya ilə bağlı tələbləri fonunda. Bu vəziyyət Avropa qitəsində təhlükəsizlik boşluğu yaradıb və ölkələri ABŞ-ın çətirindən kənar müstəqil silahlanma planlarını sürətləndirməyə məcbur edir.” 

Quterreş: Venesuela hadisələri təhlükəli bir bidətdir 

BMT-nin baş katibi Antonio Quterreş Venesueladakı bütün tərəfləri geniş dialoqa çağıraraq insan haqlarına və qanunun aliliyinə hörmət etməyə dəvət edib. 

O, Venesuelada gərginliyin artması və prezident Nikolas Maduronun qaçırılması ilə bağlı narahatlığını ifadə edib. 

Quterreşin sözçüsü Stefan Dujarik onun adından bildirib: “Bu hadisələr təhlükəli bir bidət sayılır. Baş katib bütün tərəflərin beynəlxalq hüquqa, o cümlədən BMT Nizamnaməsinə tam hörmət etməsinin vacibliyini vurğulayır. O, beynəlxalq hüququn pozulmasından dərin narahatdır.” 

Braziliya: Güc qanunu dünyada çoxtərəfliliyə üstün gəlir 

Braziliya prezidenti Lula da Silva Venesuelaya hücumu və prezident Nikolas Maduronun qaçırılmasını “qırmızı xətlərin aşılması” adlandırıb. 

Lula sosial şəbəkə Xdə yazıb: “Ölkələrə hücum və beynəlxalq hüququn açıq şəkildə pozulması zorakılıq, xaos və sabitsizliklə dolu bir dünyaya atılan ilk addımdır; bir dünyaya ki, orada güc qanunu çoxtərəfliliyə üstün gəlir.” 

Almaniya: ABŞ-ın müdaxiləsi üçün hüquqi çərçivə mürəkkəbdir 

Almaniya kansleri ABŞ-ın Venesuelaya hücumuna reaksiyasında bildirib: “Nikolas Maduro – bu ölkənin prezidenti – Venesuelanı dağıntıya sürüklədi və indi siyasi qeyri-sabitliyin genişlənməsinə icazə verilməməlidir.” 

Almaniya hökuməti Venesueladakı vəziyyəti “böyük narahatlıqla” izlədiyini açıqlayıb. Kansler Fridrix Merts deyib: “ABŞ-ın müdaxiləsi üçün hüquqi çərçivə mürəkkəbdir. Biz bu məsələdə vaxtımızı itiririk.” 

O əlavə edib ki, beynəlxalq hüququn prinsipləri ölkələr arasındakı münasibətlərdə tətbiq olunmalıdır və “indi Venesuelada siyasi qeyri-sabitliyin genişlənməsinə icazə verilməməlidir, xalq tərəfindən legitimləşdirilmiş hökumətə keçidin təmin olunması zəruridir.” 

İndoneziyanın BMT Nizamnaməsi prinsiplərinə hörmət tələbi 

İndoneziya Xarici İşlər Nazirliyinin sözçüsü Yuon Muonqkanq bildirib ki, bu ölkə Venesueladakı hadisələri öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə izləyir. 

O deyib: “İndoneziya bütün tərəfləri gərginliyi azaltmağa və dialoq yolu ilə sülhçül həllə üstünlük verməyə çağırır, eyni zamanda mülki şəxslərin qorunmasını nəzərə almağı vacib sayır.” 

XİN sözçüsü vurğulayıb: “Cakarta beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə hörmət edilməsini tələb edir.” 

Latın Amerikası Fələstin İttifaqı: “Amerikanın quldurluğu və zorakılığı” pislənilir 

Latın Amerikası Fələstin İttifaqının (OPAL) sədr müavini ABŞ-ın Venesuelaya təcavüzünü pisləyərək bu addımı zorakılıq və quldurluq adlandırıb. O bildirib: “Vaşinqton dünyaya özünün arxa həyəti kimi baxır və dünyada başqa bir supergücün olmaması ABŞ-ın istədiyi kimi davranmasına şərait yaradıb.” 

OPAL-ın sədr müavini Cihad Yusif Venesueladakı son hadisələri sərt şəkildə pisləyib və ABŞ-ın hərbi müdaxiləsini müstəqil bir dövlətə qarşı “Amerikanın quldurluğu və zorakılığı” kimi təsvir edib. 

O əlavə edib: “Sülhpərvər, müstəqil Venesuelanı hədəf almaq – hansı ki, qonşularına və ya ABŞ-a qarşı hərbi hərəkət etməyib – cinayətkar bir addım və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.” 

Yusif deyib: “ABŞ-ın baxışına görə, dünyanın digər ölkələri onun arxa həyətidir və o, heç bir məhdudiyyət olmadan onlara qarşı istədiyi addımı ata bilər.” 

Sionist rejimin xarici işlər naziri: ABŞ-ın addımı demokratiyanın bərpasına doğru hərəkətdir 

Sionist rejimin baş naziri ilə yanaşı, bu rejimin xarici işlər naziri də ABŞ-ın Venesuelaya təcavüzü və Maduronun qaçırılmasına sevinclə reaksiya verib. 

Sionist rejimin xarici işlər naziri Gideon Saar ABŞ-ın Venesuelaya hücumuna və bu ölkənin prezidentinin qaçırılmasına reaksiyasında deyib: “Təl-Əviv bu tarixi anda azadlığı sevən Venesuela xalqının yanındadır; xalq ki, Maduronun diktaturasından əziyyət çəkib!” 

O, Vaşinqtonun Karakasa qarşı beynəlxalq hüququn bütün qanunlarını açıq şəkildə pozmasına toxunmadan iddia edib ki, ABŞ-ın Maduroya qarşı addımı demokratiyanın bərpasına doğru bir hərəkətdir. 

4326816

Teqlər: amerika ، venezuela ، hücum ، reaksiya ، ölkələr
captcha