IQNA

“Dövlət Tilavəti” proqramında

Misirli azyaşlı qarinin “Qızıl budaq” mükafatı ilə təltif edilməsi

7:23 - February 09, 2026
Xəbər sayı: 3499712
İQNA – Misirli azyaşlı qari Ömər Əli Əvəz Qurani-Kərim istedadlarının kəşfinə həsr olunmuş televiziya proqramı “Dövlət Tilavəti”ndə “Qızıl budaq mükafatı”nın qalibi elan edilərək təltif olunub.

“İQNA”-nın “əl-Həyat” kanalına istinadən verdiyi xəbərə görə, bu həftənin cümə günü yayımlanan proqramda nəticələrin açıqlanma üsulu adi qaydalardan fərqli olub. Belə ki, hər bir münsifin ayrıca xalvermə sistemi əvəzinə yeni bir metod tətbiq edilib: münsiflər kartlara öz seçimlərini yazaraq xüsusi mükafata layiq gördükləri iştirakçını seçiblər. Bu mükafat “Qızıl budaq mükafatı” adlanırdı.

Bu bölümdə gənc və seçilmiş istedadlar – uşaq bölməsinin yeganə qalan iştirakçısı Məhəmməd əl-Qəllaci, Ömər Əli Əvəz, Abdullah Əbdülmövcud və Əli Məhəmməd Mustafa – bir-biri ilə yarışıb.

Münsiflər heyəti və tamaşaçılar bütün iştirakçıların yüksək səviyyəli çıxışlarına görə təqdirəlayiq olduqlarını vurğulayıblar.

Səsvermə münsiflərə kartların paylanması ilə başlayıb. Hər bir münsif digər münsiflərin seçimindən xəbərsiz şəkildə qalib olduğunu düşündüyü iştirakçının adını yazıb. Bu isə proqramda həyəcan və gərginlik atmosferi yaradıb.

Nəticədə ilk üç səs dördüncü sinif şagirdi Ömər Əli Əvəzə, dördüncü səs isə Məhəmməd əl-Qəllaciyə verilib.

Beşinci kartın açılması ilə Ömər Əli Əvəz “Qızıl budaq mükafatı”nın qalibi elan edilib və Misirin vəqflər naziri Usamə əl-Əzhərinin iştirakı ilə təltif olunub.

Usamə əl-Əzhəri bütün iştirakçıları təbrik edərək onların diqqətəlayiq çıxışlarını və proqramda iştirak edən yeni nəsil istedadların yüksək səviyyəsini tərifləyib.

“Dövlət Tilavəti” proqramı haqqında

Bu proqram Misirin Vəqflər Nazirliyi ilə “əl-Müttəhida” Media Xidmətləri Şirkətinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb və ölkənin müxtəlif vilayətlərindən seçilən istedadlı qariləri üzə çıxarmağı hədəfləyir.

Proqram “əl-Həyat”, CBC, ən-Nas, “Misr Quran” kanalları və “watch it” platformasında yayımlanır. Hər həftənin cümə və şənbə günləri saat 21:00-da efirə gedir.

Müsabiqənin ümumi mükafat fondu 3,5 milyon Misir funtudur. Tərtil və qiraət üzrə birinci yerlərin hər biri 1 milyon Misir funtu qazanacaq və onların tam Quran tilavəti “Misr Quran” kanalında yayımlanacaq.

Həmçinin bu iki qalib gələcək Ramazan ayında Qahirədəki İmam Hüseyn (ə) məscidində camaat namazına imamlıq edəcəklər.

Məlumata görə, müsabiqənin ilkin mərhələləri böyük maraqla qarşılanıb və ölkənin müxtəlif bölgələrindən 14 mindən çox iştirakçı müraciət edib.

Bir neçə mərhələdən ibarət qiymətləndirmədən sonra 32 nəfər final mərhələsində yarışmaq üçün seçilib. Bu mərhələlərə Misir Vəqflər Nazirliyinin elmi ixtisaslaşmış komitəsi, nazir Usamə əl-Əzhərinin rəhbərliyi ilə nəzarət edib.

Münsiflər heyəti Misir və İslam dünyasının tanınmış dini və elmi simalarından ibarətdir: 

- Şeyx Həsən Əbdünnəbi – Əl-Əzhər Quran Nəzarət Komitəsinin sədr müavini 

- Taha Əbdülvəhhab – səs və qiraət üzrə ekspert 

- Mustafa Hüsni – müsəlman təbliğatçısı 

- Qari Şeyx Taha Nümani

4332820    

captcha