IQNA

Nyu-Yorkun müsəlman meri Ramazan ayına hazırlaşır

13:06 - February 20, 2026
Xəbər sayı: 3499783
İQNA – Nyu-Yorkun müsəlman meri, ilk Ramazan ayını şəhər meri kimi qarşılayacağı üçün, bu mübarək ayın ruhunu ibadət və ölkənin ən böyük şəhərinin sakinlərinə xidmət vasitəsilə yaşatmağı arzulayır.

“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, New York Times yazıb ki, Nyu-York şəhərinin ilk müsəlman meri Zahran Məmdani 2021-ci ildə Nyu-York ştatının qanunverici məclisinə qoşulduğu vaxtdan bəri ictimai fəaliyyətlərində Ramazanın ruhundan ilham alır. O, bu yanaşmanı ötən ilki mer seçkisi kampaniyası dövründə də davam etdirib.

Məmdani seçki kampaniyası zamanı mart ayında metroda iftar açarkən çəkilmiş bir fotosunu paylaşmışdı. Bu foto bir milyondan çox baxış toplamış və sosial mediada geniş müzakirələrə səbəb olmuşdu.

New York Times yazır ki, merlik vəzifəsinin sıx qrafiki və ABŞ-ın ən böyük şəhərinə rəhbərlik etməyin gündəlik təzyiqləri nəzərə alınarsa, bu il Ramazan onun üçün tamamilə fərqli keçəcək.

Qəzet, Məmdaninin yaxın köməkçisi Zara Rahimə istinadən bildirib ki, Ramazanın ilk günlərində o, şəhərdə çalışan müsəlman yanğınsöndürənlər, sürücülər və digər əməkdaşlar üçün iftar süfrələri təşkil edəcək. Bu, sosial xidmətlərə və bu ayın dəyərlərini əks etdirən maarifləndirici layihələrə diqqət yetirmə strategiyasının bir hissəsidir.

Həmin mənbəyə görə, Məmdani qarşıdakı həftələrdə adi fəaliyyətlərini davam etdirəcək — çıxışlar edəcək, seçicilərlə görüşmək üçün şəhər boyu səfərlər edəcək və sevdiyi bir neçə yerli restoranda iftar edəcək. O, həmçinin çoxlu sayda miqranta xidmət göstərən məscidlərin rəhbərlik etdiyi ərzaq paylama təşəbbüslərini dəstəkləyəcək.

Qəzet əlavə edir ki, Məmdani Ramazan kampaniyasının bir çox elementlərini şəhər idarəçiliyindəki gündəlik işinə inteqrasiya edəcək və Ramazanla bağlı bəzi videolar hazırlayacağı gözlənilir.

Bu çərçivədə Məmdaninin komandası şəhərdəki Qərbi Afrika, Cənubi Asiya, Yaxın Şərq və Afrika əsilli amerikalı müsəlman icmaları ilə xüsusi olaraq əlaqə qurmağı planlaşdırır ki, şəhərin müsəlman əhalisinin mədəni müxtəlifliyini ön plana çıxarsın.

New York Times yazır ki, Məmdaninin Nyu-York meri kimi ilk Ramazan ayı şəhərin İslam mədəniyyətini nümayiş etdirmək üçün mühüm bir fürsət olacaq.

Qəzet daha geniş kontekstdə qeyd edir ki, bu il Ramazan şəhərdəki bir çox müsəlman üçün həm daxili, həm də beynəlxalq siyasi vəziyyətin icmalarına təsiri səbəbilə çətin şəraitdə gəlir.

4335393 

captcha