“İQNA”-nın “Ənsarullah vebsaytına istinadən verdiyi məlumata görə, Məscidül‑Əqsanın xətibi Şeyx İkrimə Sabri Qüds sakinlərinə qarşı sionist rejimin artan təzyiqləri barədə xəbərdarlıq edib və vurğulayıb ki, Qüds əhalisindən olan onlarla gəncin Məscidül‑Əqsadan çıxarılması barədə verilən göstəriş, oradakı mövcud vəziyyəti dəyişdirmək üçün əvvəlcədən planlaşdırılmış niyyətlərin göstəricisidir.
Sabri qeyd edib: İsrail işğalçı qüvvələri təkcə gəncləri məsciddən çıxarmayıb, həm də radikal məskunlaşanlara Məscidül‑Əqsaya hücum etməyə icazə verib və işğalçı qüvvələrin ciddi mühafizəsi altında həyətlərdə Talmud ayinlərini icra etmək üçün bir saat əlavə vaxt veriblər. Bu addım bu müqəddəs məkanın hörmət və müqəddəsliyinə açıq təcavüzdür.
O bildirib: Sionist düşmən 1967‑ci ildən bəri yeni reallıqlar yaratmaq və İslam Vəqfləri İdarəsinin səlahiyyətlərini əlindən almaqla Məscidül‑Əqsadakı mövcud vəziyyəti tədricən dəyişdirməyə çalışır və bu məkan üzərində tam nəzarətini tətbiq etməyə can atır.
Məscidül‑Əqsanın xətibi vurğulayıb: Qüds ağır mühasirə altındadır və oruc tutanlara, namaz qılanlara qəsdən məhdudiyyətlər qoyulur. İşğalçı sionist qüvvələri Ramazan ayında namaz qılmaq üçün İordan çayının qərb sahilindən gələn bir sıra ibadət edənlərə vəhşicəsinə hücum edib, onları təhqiramiz şəkildə yoxladıqdan sonra yalnız çox az sayda şəxsin girişinə icazə veriblər.
O əlavə edib: Baş verənlər işğalçıların siyasətində təhlükəli bir dəyişiklikdir. Keçmiş illərdə Ramazan ayında qeyri‑müsəlmanların ziyarəti qadağan idi, lakin sionist düşmən bu ənənəni pozaraq daha geniş hücumlara icazə verdi və şəhərdə gərginliyi artırdı.
Şeyx Sabri bu mübarək günlərdə Məscidül‑Əqsanın içindəki namaz qılanların hədəfə alınması barədə xəbərdarlıq edərək vurğulayıb: Sionist düşmən Məscidül‑Əqsanı namaz qılanlardan boşaltmağa və məcburi şəkildə yeni bir reallıq yaratmağa çalışır.
O sonda deyib: Məscidül‑Əqsada və Qüds şəhərində baş verənlər, bu məkanın xüsusiyyətlərini silmək və tarixi‑dini kimliyini təhdid edən yəhudiləşdirmə reallıqlarını tətbiq etmək üçün davam edən cəhdlər fonunda, Məscidül‑Əqsanı qorumaq və onun İslam kimliyini saxlamaq üçün təcili tədbirləri zəruri edir.
Son vaxtlar sionist rejimin Məscidül‑Əqsaya qarşı addımları daha da güclənib. İmamlar, vaizlər və məsciddə gecə ibadəti edənlər üçün tətbiq olunan məhdudiyyətlər artırılıb, Qüds əhalisindən yüzlərlə nəfər Məscidül‑Əqsadan çıxarılıb, namaz qılanların girişinə məhdudiyyətlər qoyulub və məskunlaşanların hücumları işğalçı qüvvələrin ciddi mühafizəsi altında daha da intensivləşdirilib.
4336417