IQNA

Əlcəzairdə “Qurani-Kərimin Tacı” yarışmasının on beşinci mərhələsi başa çatdı

13:37 - March 18, 2026
Xəbər sayı: 3499954
İQNA – Əlcəzairdə keçirilən on beşinci “Qurani-Kərimin Tacı” televiziya müsabiqəsi bağlanış mərasimi və qaliblərin təltif olunması ilə yekunlaşıb.

“İQNA”, “Əl-Şuruq” qəzetinə istinadən xəbər verir ki, bu yarışmanı Əlcəzair Ümumi Televiziya Təşkilatı təşkil edib və beynəlxalq səviyyədə keçirilən bu mərhələdə üç ən yaxşı iştirakçı mükafatlandırılıb.

Kişilər arasında Tiyarat vilayətindən olan Abdurrahman Tavuş birinci yeri tutub, Məhəmməd Ləhib Zərvati və Fatih Babu isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Qadınlar arasında isə Nur əl-Hüda İssani birinci yerin sahibi olub, Əsma Baltas və Nur əl-Hüda Meysun ikinci və üçüncü yerləri qazanıblar.

Bağlanış mərasimində həmçinin Əlcəzair Milli Həmrəylik, Ailə və Qadın Məsələləri Nazirliyi tərəfindən, Dini İşlər və Vəqflər Nazirliyinin əməkdaşlığı ilə təşkil olunan xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün Qurani-Kərim müsabiqəsinin qalibləri də təltif edilib.

Əlcəzairin dini işlər və vəqflər naziri Yusif Belmehdi medianın suallarını cavablandırarkən bildirib ki, bu yarışmanın on beşinci mərhələsinin əsas xüsusiyyətlərindən biri çoxsaylı dost və qardaş ərəb ölkələrindən olan qarilərin iştirakı olub. Bu isə yarışmanın milli çərçivədən çıxaraq daha geniş, beynəlxalq bir səviyyəyə yüksəldiyini göstərir.

O əlavə edib ki, Əlcəzair Qurani-Kərim sahəsində seçilən istedadlara və uğurlu hafizlərə malikdir və “Qurani-Kərimin Tacı” müsabiqəsinin bir çox iştirakçısı beynəlxalq yarışlarda parlaq nəticələr əldə edib.

Belmehdi vurğulayıb ki, bu kimi proqramlar Əlcəzair dövlətinin Qurana və Quran təlimlərinə verdiyi önəmi, həmçinin ölkə prezidenti Abdülməcid Tebbunun Quran fəaliyyətlərinə, Quran tədrisinə və xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərdiyi diqqəti nümayiş etdirir.

4340870  

Teqlər: əlcəzair ، quran ، müsabiqə ، yarış
captcha