“İQNA”, Səudiyyə Ərəbistanının “Məkkə” qəzetinin saytına istinadən xəbər verir ki, Kəbənin qapısı, İslam sivilizasiyasında bədii gözəlliklə mənəvi dəyərlərin qovuşmasını əks etdirən ən mühüm nümunələrdən biridir. Bu qapı Qurani-Kərim ayələrinin ərəb xəttatlığı və İslam bəzək sənətində necə yaradıcı və yenilikçi şəkildə tətbiq olunduğunu nümayiş etdirir.
Qapının orijinalı Kral Xalid bin Əbdüləziz dövrünə aiddir və 1979-cu ildə saf qızıldan hazırlanmışdır. O, incə detalları və zəngin İslam naxışları ilə seçilir.
Bu qapının üzərində Qurandan ayələrin xəttatlıqla yazılması onun dizaynının əsas hissəsini təşkil edir və bu bədii kompozisiya Kəbənin mövqeyini və onun müqəddəsliyini müsəlmanların ruhunda və qəlbində əks etdirir.
Muzeydə nümayiş olunan maket, tarixən Quranın yazılması ilə sıx bağlı olan ərəb xəttatlığının estetik dəyərini ön plana çıxarır.
Bu maketin sərgilənməsi Məkkə Quran Muzeyinin missiyasına uyğundur. Muzeyin məqsədi əsrlər boyunca müsəlmanların Müshəfə göstərdiyi diqqəti vurğulamaq, Quranın yazılması və çap mərhələlərini sənədləşdirmək, həmçinin ziyarətçilərin dini və mədəni maarifini artırmaqdır.
Muzey, təqdim etdiyi etibarlı elmi məzmun və innovativ sərgi təcrübələri sayəsində ziyarətçilərin artan marağı ilə qarşılaşır və Məkkənin İslam mədəniyyəti və bəşəri sivilizasiyanın parlaq mərkəzi kimi mövqeyini möhkəmləndirir.
4346922