“İQNA”-nın "ət-Təvasul"ə istinadən verdiyi məlumata görə, o, özünün rəsmi sosial media səhifəsində yazıb: "Məni Öz kitabını miras buraxmaqla şərəfləndirən, lütf və kərəmi ilə məni zənginləşdirən və Quranın xidmətində duran, Onun ayələrini çatdırmağa çalışanlardan qərar verən Allaha həmd olsun."
Mesajın davamında deyilir: "İslam dünyasının ən görkəmli qarilərinin iştirak etdiyi bu möhtəşəm Quran toplantısında (Kərbəla beynəlxalq Quran yarışmasında) birinci yeri qazanmaq lütfünü böyük bir təvazökarlıq, şükranlıq, sevinc və iftixar hissi ilə sizinlə bölüşürəm."
O əlavə edib: "Burada bu yolda ən böyük təsiri olanlara dərin minnətdarlığımı bildirirəm. Heç kəs Quranla oturub-durmaz ki, (Allah) onu əzizləməsin və heç bir bəndə ona sarılmaz ki, (Allah) onu ucaltmasın."
Əl-Qəllaci qeyd edib: "Həmçinin gözümün nuru və başımın tacı olan, mənim üçün gecələr yuxusuz qalan, məni dəstəkləyən və gecənin qaranlığında etdiyi dualarla qapıları üzümə açan əziz valideynlərimə təşəkkür edirəm. Uca Allahdan diləyirəm ki, onlara mənim tərəfimdən ən gözəl mükafatı versin və Qiyamət günü başlarına izzət tacı qoysun."

Kərbəla Quran yarışmasının qalibi olan misirli yeniyetmə qari
Misirli qari və Quran hakimi Əbdülfəttah ət-Taruti də ötən şənbə (6 iyun 2026) 35 ölkədən iştirakçılarla İraqda başlayan 5-ci Kərbəla Beynəlxalq Quran Tilavəti və Hifzi yarışmasında Məhəmməd əl-Qəllacinin qələbəsini elan edib.
13 yaşlı Məhəmməd əl-Qəllaci Misirin Şərqiyyə əyalətindəndir və bu ölkənin yeni yetişən Quran istedadlarındandır. O, az yaşına baxmayaraq, ifa bacarığı, tilavət və ləhn (ahəng) qaydalarına hakimiyyəti ilə bir çoxlarının diqqətini cəlb edib.
O, həmçinin Misirin "Dövləti-Tilavət" televiziya yarışmasının birinci mövsümündə fəal iştirak edib, ilk beşlikdə finala çıxaraq Misirin ən görkəmli yeni nəsil qariləri arasında öz yerini möhkəmləndirib.
Məhəmmədin istedadı və bacarığını qiymətləndirərək, onu Qahirədəki İmam Hüseyn (ə) məscidinin qarisi təyin ediblər; o, hər çərşənbə günü əsr namazında Quran tilavət edir.
Qeyd edək ki, 5-ci Kərbəla Beynəlxalq Quran yarışmasının yeniyetmələr bölməsinin tilavət kateqoriyasında Məhəmməd əl-Qəllacidən sonra iraqlı Məhəmməd Həsən Meysəm ikinci, İran nümayəndələri Taha Əsgərnejad, Məhəmmədrza Nəcəfi və Ərşiya Hüseynzadə isə müvafiq olaraq üçüncü-beşinci yerləri tutublar.
Hifz kateqoriyasında iranlı Məhəmməd Lainiy birinci, iraqlı Əli Əqil əl-Bəttat ikinci olub. Həmçinin iranlı Əmirhüseyn Əttarzadə, livanlı Mahmud əl-Kəfri və iraqlı İmad Abbas İyad müvafiq olaraq üçüncü-beşinci yerləri bölüşüblər.
Tilavət (böyüklər) bölməsində əfqanıstanlı Məhəmmədəli Füruği birinci, iranlı Ümid Hüseyni ikinci olub. Bu bölmədə iraqlı Abdullah Züheyr əl-Hüseyni, iranlı Yusif Cəfərzadə və iraqlı Əmmar Salim əl-Hilli üçüncü-beşinci yerləri tutublar.
4357889