"İQNA"-nın "awazthevoice"a istinadən verdiyi məlumata görə, Maharaştranın kənd bölgələrində hindular və müsəlmanlar əsrlərdir ki, Məhərrəmlik ayını birlikdə keçirirlər. Lakin bir kənd, orada bir nəfər də olsun müsəlman yaşamamasına baxmayaraq, bu ənənəni yaşatması ilə seçilir.
Baradvadi (Busanivadi) kəndi Ramuşi (Barad) icmasının yaşadığı yerdir. Kənddə bir dənə də olsun müsəlman ailəsi olmasa da, bir neçə yüz illik Məhərrəmlik ənənəsi hələ də kəndin mədəni kimliyinin və ictimai birliyinin ayrılmaz hissəsidir. Məhərrəmliyin on günü ərzində bütün kənd On İki İmama olan sədaqət hissi ilə qərq olur.
Məhərrəmlik matəm mərasimlərinin ənənəyə uyğun keçirilməsini təmin etmək üçün kənd sakinləri qonşu kəndlərdən olan müsəlman ruhaniləri dəvət edirlər və onlar bütün mərasimləri İslam adət-ənənələrinə uyğun şəkildə icra edirlər.
Ramuşi icması uzun müddətdir ki, ədalətsizliyə qarşı mübarizliyi ilə tanınır. Busanivadi sakinləri bu irsi davam etdirərək, Məhərrəmlik mərasimlərini ictimai şüur və sosial xidmətlərlə əlaqələndiriblər. Məhərrəmlik günlərində bir neçə sosial fəaliyyət təşkil olunur. Ehtiyacı olan xəstələrə yardım üçün qanvermə aksiyaları keçirilir, ictimai problemlər haqqında maarifləndirmə məqsədilə şeirlər oxunur və teatr tamaşaları nümayiş etdirilir.
Bu on günlük dövr kənddə ictimai harmoniyanı da gücləndirir. Ailələr "Mahaprasad" adlanan ictimai mərasim üçün bir araya gəlirlər. İş və ya ticarət məqsədilə Mumbay və Puna kimi şəhərlərə köçən bir çox kənd gənci məhz Məhərrəmlik mərasimlərində iştirak etmək üçün evlərinə qayıdırlar. Bu müddətdə kənd ailəvi yığıncaqların mərkəzinə çevrilir.
Baradvadidən olan gənc Umeş Bukel bu unikal ənənənin videolarını hər gün öz "Instagram" səhifəsində paylaşır.
O, "Awaz-The Voice"a verdiyi müsahibədə deyib: "Bu ənənəyə müasir bir rəng qatmaq üçün hər gün bir video hazırlayıb "Instagram"da paylaşırdım. Yüz minlərlə insan videoları izləyib və paylaşıb, biz də insanlardan çox müsbət rəylər almışıq".
O əlavə edib: "Kəndimizdə bir nəfər də olsun müsəlman olmamasına baxmayaraq, biz bu ənənəni yaşatmışıq və bununla fəxr edirəm. Bizim nəsil də bu ənənəni eyni ruhla davam etdirəcək".
İdman müəllimi Ankuş Mandel kəndin unikal mərasimi haqqında deyib: "Baradvadidəki Məhərrəmlik mərasimi kəndimizin birliyinin bel sütunudur. Əcdadlarımız bu ənənəni müstəqillikdən əvvəlki dövrlərdən qoruyub saxlayıblar və bu gün biz onu davam etdiririk. Kəndimizdə zərrə qədər də olsa təbəqə ayrı-seçkiliyi yoxdur. Biz hamımız Allahın hər kəs üçün bir olduğu inancı ilə bir araya gəlirik. Kəndin On İki İmama böyük inamı var".
Kəndin vergi məsələləri üzrə məsul şəxsi Şivşankar Mandel isə bildirib: "On İki İmam (ə) kəndimizdəki imanın əsas özəyidir. Hər kəs vacib bir iş üçün evdən çıxanda əvvəlcə İmamların adını çəkir və onlara ehtiramını bildirir. Biz inanırıq ki, onların xeyir-duası hər bir işdə uğuru təmin edir. Məhərrəmlik dövründə başqa şəhərlərdə yaşayan hər kəs evə qayıdır. Beləliklə, bu mərasim bizim emosional və mədəni birliyimizin simvoluna çevrilib".
4360548