İQNA – Şiələrin mərcəyi-təqlid alimlərindən olan Ayətullah Şeyx Məhəmməd Yəqubi müasir dövrdə medianın məsuliyyətinin həssas xarakter daşıdığını vurğulayaraq, medianın hadisələrin formalaşmasında, ictimai rəyin yönləndirilməsində və cəmiyyətlərin maarifləndirilməsində həlledici rol oynadığını bildirib.
“İQNA”-nın İraqdan verdiyi xəbərə görə, şiələrin mərcəyi-təqlid alimlərindən olan Ayətullah Şeyx Məhəmməd Yəqubi, İmam Hüseynin (ə) Ərbəin ziyarəti günləri ilə eyni vaxta təsadüf edən və Həzrət Əmirəl-möminin Əlinin (ə) müqəddəs hərəmini ziyarət etmək məqsədilə Nəcəfi-Əşrəfə gəlmiş bir qrup məzmun istehsalçısı ilə görüşdə bildirib:
“Bu gün media həm dəyişikliklərin ən mühüm vasitələrindən birinə, həm də eyni zamanda yumşaq müharibənin ən təhlükəli alətinə çevrilib. Elə bir vasitədir ki, onun etiqadları və mədəniyyətləri dəyişdirmək, ictimai rəyi istiqamətləndirmək qabiliyyəti bəzən hərbi müharibələrdən belə daha təsirli olur. Belə ki, xalqlar öz düşmənlərini müdafiə edə, bunun müqabilində isə özlərini haqqsız tərəfin mövqeyində görə bilərlər.”
O, müasir dövrdə baş vermiş bəzi hadisələrə işarə edərək qeyd edib ki, medianın təsiri bəzi hallarda elə nəticələrə gətirib çıxarıb ki, hərbi müharibələr həmin nəticələrə nail olmaqda aciz qalıb.
Ayətullah Yəqubi məzmun istehsalı və virtual məkanda fəaliyyətin sadə və ötəri bir iş olmadığını vurğulayaraq bildirib: “Bu sahə böyük, şəri, əxlaqi və peşəkar məsuliyyətdir. Çünki yayımlanan hər bir söz və məzmun insanların və cəmiyyətlərin həyatına dərin təsirlər göstərə bilər.”
O, Qurani-Kərimin “İsra” surəsinin 36-cı ayəsinə istinad edərək:
«وَلا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَئِكَ كَانَ عَنْهُ مَسْؤُولًا»
— “Bilmədiyin şeyin ardınca getmə. Çünki qulaq, göz və qəlb – bunların hamısı barəsində sorğu-sual olunacaq” — deyə buyurulduğunu xatırladaraq, media sahəsində çalışanların təqva, dəqiqlik, insaf və peşə etikası prinsiplərinə sadiq olmalarının zəruriliyini vurğulayıb.
O əlavə edib: “Media şantaj, şəxsiyyətin nüfuzdan salınması, başqaları ilə haqq-hesab çəkmək və ya dünyəvi, keçici mənfəətlərin təmin edilməsi vasitəsinə çevrilməməlidir.”
4368510