İQNA – Pakistanın müdafiə naziri Xacə Məhəmməd Asif İsrail rejimini İslam dünyası üçün ortaq təhlükə hesab edərək bildirib: “Müsəlman ölkələri bu təhlükəyə qarşı vahid və əlaqələndirilmiş yanaşma ilə mübarizə aparmalıdırlar.”
“İQNA”-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi xəbərə görə, Pakistanın müdafiə naziri cümə günü Məkkəyi-Mükərrəmədə Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri arasında imzalanan müştərək müdafiə sazişinə münasibət bildirərək deyib: “Bu müdafiə sazişinin qapıları digər ölkələrin üzünə bağlı deyil. Biz ümumi təhlükələrə qarşı birlik və mübarizə üçün bir platforma yarada bilməliyik.”
Xacə Məhəmməd Asif əlavə edib: “İsrailin (rejiminin) mövcudluğu Britaniyanın Balfur Bəyannaməsinin nəticəsidir. Biz bilirik ki, son səksən il ərzində israillilər Fələstin torpaqlarını necə talan edib və işğal ediblər. Buna görə də İsrail hamımız üçün ortaq təhlükədir və onunla mübarizə aparmalıyıq.”
Pakistanın müdafiə naziri bildirib ki, Məkkə sazişi qardaş və müsəlman ölkələri arasında ikitərəfli fikir ayrılıqlarının həllinə kömək etmək üçün bir fürsətə çevrilə bilər. O, nümunə olaraq deyib: “Təəssüf ki, bu gün bəzi İslam ölkələrinin Sudanda qarşı tərəfdə olan qrupları dəstəklədiyinin şahidi oluruq. Buna görə də irəliyə doğru hərəkət etməliyik.”
Pakistanın müdafiə naziri daha sonra vurğulayıb ki, İsrail rejimi İslam ölkələrinin hökumətləri arasındakı fikir ayrılıqlarından faydalanır. O deyib: “Buna görə də mən hesab edirəm ki, İslam dünyası Məkkə müdafiə sazişinə birlik və həmrəylik üçün bir platforma kimi baxmalıdır.”
Pakistanın Baş naziri Şahbaz Şərif, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü, 7 avqust Məkkəyi-Mükərrəmədə müştərək müdafiə sazişi imzalayıblar. Sazişə əsasən, üç ölkədən hər hansı birinə qarşı törədilən istənilən təcavüz və silahlı hücum onların hamısına qarşı hücum hesab ediləcək.
4368642