İQNA – İsrail mediası misirlilər arasında İsrail rejiminə qarşı nifrətin genişlənməsini və bu münasibətin idman sahəsinə də yayılmasını tənqid edib.
“İQNA”-nın “Rusiya əl-Yəvm”ə istinadən verdiyi xəbərə görə, İsrail rejiminə məxsus idman saytı Misir milli komandasının və onun baş məşqçisi Hüssam Həsənin sonuncu Dünya Çempionatı zamanı atdığı addımları xatırladaraq, misirlilərə qarşı sərt hücuma keçib və misirlilərin Təl-Əvivə münasibətini “xəstəlik həddinə çatmış nifrət” adlandırıb.
İsrailin “Sport 1” idman saytı bildirib ki, son günlər israilli olmaq, hökm sürən rədd edilmə hissi fonunda çətinləşib. Sayt qeyd edib ki, cənub qonşuları – misirlilər – sülh müqaviləsinə baxmayaraq, İsrailə qarşı “xəstəlik həddinə çatmış nifrət” bəsləyirlər və bu münasibət siyasətlə məhdudlaşmayaraq idman sahəsinə də keçib.
Sayt bu düşmənçiliyi “obsessiv” xarakterli kimi təsvir edib və bunun misirlilərin bütün problemlərinin əsas səbəbi kimi yəhudiləri görmələrinə gətirib çıxardığını iddia edib.
İvrit dilli sayt hesabatında əlavə edib ki, bu nifrət “dəlilik” və “psixi xəstəlik” səviyyəsinə çatıb.
Hesabatın bir hissəsində belə yazılıb: “Əgər məsələ fələstinlilərdirsə, Misir niyə onların əzablarından sui-istifadə etmək əvəzinə, öz geniş ərazisində onları qəbul etmir?”
Hesabatın başqa bir hissəsində qeyd olunur ki, bu vəziyyətin kulminasiya nöqtəsi Misirin Argentinaya məğlubiyyətindən sonra üzə çıxıb. Həmin vaxt Misir futbol millisinin baş məşqçisi Hüssam Həsən komandanın uğursuz çıxışına görə məsuliyyəti öz üzərinə götürmək əvəzinə, İsrail bayrağını dalğalandıran argentinalı bir azarkeşlə qarşıdurmaya girib.
Hesabatın sonunda deyilir: “Siz oyunu uduzdunuz, amma bizi bunun səbəbi hesab etməkdə israr etdiniz; sanki hətta idmandakı məğlubiyyətlərinizə görə də biz günahkarıq.”
Bu açıqlamalar sionist medianın ərəblərin Fələstin məsələsinə rəğbət göstərməsinə qarşı apardığı media kampaniyası fonunda səsləndirilib. Təl-Əviv beynəlxalq arenada fələstinlilərin dəstəklənməsini və onlara ictimai və idman sahəsində göstərilən həmrəyliyi “antisemitizm” və ya “ekstremizm” kimi təqdim etməyə çalışır ki, beynəlxalq səviyyədə fələstinlilərin hüquqlarını müdafiə edən şəxslərin nüfuzuna xələl gətirsin.
4368707