IQNA

11:02 - August 09, 2026
Xəbər sayı: 3500915

Misirin Quran ailəsinin “Tilavət Dövləti” yarışındakı iştirakı böyük maraqla qarşılanıb

İQNA – Bütün övladları Quran hafizi olan misirli bir ailə “Tilavət Dövləti” adlı televiziya Quran yarışmasının ikinci mövsümündə iştirak edərkən diqqətləri öz üzərinə çəkib.

“İQNA”-nın “Əl-Yəvm əs-Sabi”yə istinadən verdiyi xəbərə görə, bu Quran ailəsinin valideynləri üç övladını sözügedən yarışmaya qatıb. Bu addım onların övladlarını Quranı əzbərləmək və Quran elmlərini öyrənmək istiqamətində tərbiyə etməyə verdikləri əhəmiyyəti göstərir.

12 yaşlı Əbdürrəhman Əhməd Məhəmməd, 10 yaşlı Əbdüləziz Əhməd Məhəmməd Əli və 8 yaş yarımlıq Ömər Əhməd Məhəmməd bu yarışmada Quran tilavəti üzrə iştirak ediblər.

Bununla yanaşı, ailənin ən kiçik övladı olan 6 yaş yarımlıq Məhəmməd Əhməd Məhəmməd Əli də Quranı əzbərləməyə davam edir və indiyədək Quranın dörddə birini əzbərləyib.

Ailənin anası bildirib ki, bütün övladları Quranı əzbərləyib. Onun 15 yaşlı qızı Məryəm Əhməd Məhəmməd isə yalnız Quranı əzbərləməklə kifayətlənməyib, Quran qiraətlərini (Quranın müxtəlif oxunuş üsullarını) öyrənməyə başlayıb. O, Asimdən Həfs qiraəti üzrə icazə (şəhadətnamə) alıb və hazırda Quranın Vərş qiraəti üzrə oxunuşunu öyrənir.

O əlavə edib ki, qızı bununla yanaşı, təxminən 4 min beyt şeir, eləcə də bir sıra elmi mətnləri və çoxsaylı Peyğəmbər hədislərini əzbərləyib. Hətta mətnlər yazmağa və qəsidələr söyləməyə də başlayıb.

Misirli qadın həmçinin bildirib ki, özü və Quran müəllimi olan əri övladlarında kiçik yaşlarından Quran sevgisini formalaşdırmağa, onları Quran yarışlarında iştirak etməyə, hafizlik, tilavət və müxtəlif qiraət üsullarında istedadlarını inkişaf etdirməyə təşviq etməyə çalışıblar.

O, “Tilavət Dövləti” yarışmasında iştirakın övladlarının Quran fəaliyyətində mühüm dönüş nöqtəsi olduğunu bildirərək, onların bu yarışmada ən yüksək yerləri tutacaqlarına ümid etdiyini ifadə edib.

Hazırda Əsyut vilayəti “Tilavət Dövləti” yarışmasının ikinci mövsümünə ev sahibliyi edir. Yarışmanın ilkin mərhələləri Əsyut şəhərinin qərbində yerləşən Seyyid bölgəsindəki Əl-Bəqli məscidində keçirilir.

Bir müddət əvvəl Misirdə başlayan “Tilavət Dövləti” proqramının ikinci mövsümü ölkənin müxtəlif vilayətlərindən istedadlı qariləri üzə çıxarmağa və onların yetişdirilməsinə davam edir.

Proqram Misirin Vəqflər Nazirliyi və “Əl-Muttəhədə” Media Xidmətləri Şirkətinin əməkdaşlığı ilə hazırlanıb. Məqsəd Quran qarilərinə dəstək vermək və təcvid qaydalarına uyğun düzgün qiraət mədəniyyətini təbliğ etməkdir.

Ötən il “Tilavət Dövləti” proqramının ilk mövsümü ölkənin müxtəlif vilayətlərindən istedadların və seçilən qiraət sahiblərinin müəyyənləşdirilməsi məqsədilə keçirilib və “Əl-Həyat”, CBC, Nas, “Misir Quran Kərimi” peyk kanalları, eləcə də “Watch It” platformasında yayımlanıb.

4368583

Teqlər: misir ، quran ، ailə ، tilavət
captcha