İQNA – İslam Əməkdaşlıq Təşkilatı Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış müştərək müdafiə sazişini alqışlayıb.
“İQNA”-nın “Anadolu” Agentliyinə istinadən verdiyi xəbərə görə, İslam Əməkdaşlıq Təşkilatı Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış “Məkkə müştərək müdafiə sazişi”ni alqışlayıb.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha yaydığı bəyanatda bu sazişə “güclü dəstəyini” ifadə edib və onu üç ölkənin regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə sadiqliyini nümayiş etdirən “mühüm və strateji addım” kimi qiymətləndirib.
Taha bildirib: “Bu saziş regionda və İslam dünyasında təhlükəsizlik və sabitliyin dəstəklənməsi üçün əsas sütunlardan biri hesab olunur.”
O əlavə edib ki, bu saziş üç ölkənin artan təhlükəsizlik çağırışlarına qarşı mübarizə aparmaq, eləcə də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında həmrəyliyi və konstruktiv tərəfdaşlıqları gücləndirmək istiqamətində ortaq iradəsini nümayiş etdirir.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi həmçinin “tarixi saziş”in imzalanmasına gətirib çıxaran səylərini və üç ölkənin liderliyini yüksək qiymətləndirib.
O, bu sazişin regionda və daha geniş beynəlxalq ictimaiyyətdə sülh və rifahın təmin olunmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan cümə günü Məkkədə keçirilən üçtərəfli görüş çərçivəsində müştərək müdafiə sazişi imzalayıb və kollektiv təhlükəsizliyi gücləndirmək, müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək, regionda və onun hüdudlarından kənarda sülh və sabitliyi möhkəmləndirmək öhdəliyi götürüblər.
Türkiyəli rəsmilərdən əldə edilən məlumata görə, bu saziş müdafiə yönümlü əməkdaşlıq mexanizmi olmaqla heç bir ölkəni hədəf almır. Saziş məsuliyyətlərin bölüşdürülməsi və təhlükəsizlik sahəsində ortaq yanaşmanın qəbul edilməsi yolu ilə regional və qlobal sülh, sabitlik və rifah qarşısındakı öhdəlikləri gücləndirmək məqsədilə hazırlanıb.
Həmin rəsmilər əlavə ediblər ki, sazişin məqsədi istənilən təcavüzkar fəaliyyətə qarşı kollektiv çəkindirmə qabiliyyətini gücləndirməkdir. Sazişə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum hər üç ölkəyə qarşı hücum hesab ediləcək.
4368586