IQNA

Ali Məqamlı Rəhbər ölkənin müxtəlif bölgələrində fəaliyyətdə olan imam-cümələrlə görüşdü

12:28 - January 05, 2016
Xəbər sayı: 3480032
Tehran, 5 Yanvar 2016 - İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən imam-cümələrlə dünən (bazar ertəsi) görüşdü.

IQNA - İslam İnqilabının Rəhbəri informasiya bloku’nun xəbərinə göre, Ali Məqamlı Rəhbər bildirdi ki, imam-cümələrin ən mühüm vəzifəsi həqiqətləri açıqlamaq, insanları mədəni və siyasi cəhətdən düzgün istiqamətləndirməkdir. Ali Məqamlı Rəhbər həmçinin seçkilərin son dərəcə mühüm bir məsələ və həqiqətən böyük bir nemət olduğunu bildirdi. O, isfənd ayında baş tutacaq seçkilərdə seçicilərin maksimum say çoxluğu ilə iştirak etməli olduğunu vurğulayaraq dedi: "Dərin mənalı bir məfhum olan "həqqün-nas” – qul haqqı məfhumu seçkilərin icra, nəzarət, namizədlərin haqları, seçici siyahısı, xalqın verdiyi səslərin toxunulmazlığı, habelə səsvermənin nəticəsinin qəbul edilməsi kimi mərhələlərində tam dolğunluğu ilə və hərtərəfli şəkildə məna kəsb edir. Xalqımız Amerikanın bu seçkiyə tamahla yanaşdığını nəzərə alaraq, onun yol tapıb ölkəyə nüfuz etməyə çalışması məsələsinə lazımınca diqqət yetirməlidir”.

Çıxışının əvvəlində Həzrət Ayətullah Xamenei dedi: "Mən cümə namazı barədə "qərargah” ifadəsini ona görə işlətdim ki, bu gün biz mənəvi, ideoloji, siyasi və dini etiqad baxımından bir qarşıdurma vəziyyətindəyik. Eynilə Müqəddəs Müdafiə kimi, bu qarşıdurmaya da biz zorla cəlb edilmişik, buna görə də müdafiə olunmaq lazımlı və vacibdir”.

İran xalqının özünü müdafiə bacarığına toxunan Ali Məqamlı Rəhbər dedi: "Bu cihadda xalqın imanı, bəsirəti, təqvası və əxlaqı hücum hədəfinə çevrilib və cəmiyyət arasında
təhlükəli viruslar yayılır”.

"İmam-cümələrin ən mühüm vəzifəsi həqiqətləri açıqlamaqdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: "İmam-cümələr şəhərlərin ruhani alimləri, peyğəmbərlərin varisləri olaraq, cümə namazlarında insanların bir arada toplaşması fürsətindən istifadə edərək həqiqətləri onlara açıqlamalı, izah etməlidirlər”.

Cümə namazlarında üz-üzə, canlı təmasla edilən söhbətlərin müasir informasiya texnologiyaları vasitəsilə aparılan qiyabi söhbətlərlə müqayisədə həddən artıq effektiv və daha əhəmiyyətli olduğunu bildirən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: "İmam cümələr bu dəyərli fürsətdən istifadə edərək hər bir şəhərin mədəniyyətinin döyünən qəlbi olan cümə namazlarında insanları siyasi və mədəni baxımdan istiqamətləndirməlidirlər”.

Mədəni cəhətdən istiqamətləndirmənin siyasi cəhətdən istiqamətləndirmə ilə müqayisədə daha fundamental əhəmiyyət kəsb etdiyini deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: "İslamın və İran xalqının düşmənlərinin əsas məqsədlərindən biri xalqın əxlaq və mədəniyyətini, xüsusilə də həyat tərzini dəyişməkdir”.

İslami həyat tərzinin müxtəlif aspektlərinə toxunan Ali Məqamlı Rəhbər dedi: "Hətta müxaliflərlə söhbət edərkən belə, etikanı gözləmək, həyasızlıq etməmək islami həyat tərzində mühüm olan məsələlərdən biridir. Məhz xalqın etikaya əhəmiyyət verməməsi istiqamətində bir çox işlər görülür və təəssüflər olsun ki, müəyyən məqamlarda bu səylər uğurlu olur”.

Ədalətin, eləcə də kitab mütaliəsi kimi yaxşı vərdişlərin islami həyat tərzinin digər aspektlərindən olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: "Xalqı və gəncləri kitab oxumağa, intellektual elitanı isə kitab istehsalına təşviq etmək lazımdır. Hər bir şəhərdə cümə namazlarının qılındığı məkanlarda yaxşı, oxunaqlı və aktual kitabların nümayişi və satışı üçün mərkəzlər də təşkil etmək olar”.

"Cümə namazlarında mühüm məsələlərdən biri də ölkənin gənc ictimaiyyətini cəlb etməkdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: "Gəncləri təkcə danışmaqla cəlb etmək olmaz. Gənclər cümə namazlarına dərk və ürəklə cəlb edilməlidir”.

captcha