IQNA

Ayətullah Sistaninin nümayəndəsi:

İmam Hüseyn (ə) inqilabını Allah-taala özü planlaşdırmışdı

17:18 - September 15, 2018
Xəbər sayı: 3483865
Cümə namazında çıxış edən xətib deyib: "İmam Hüseyn (ə) inqilabının və onun islahat hərəkatının hədəfi təkcə öz zamanına və məkanına məxsus deyildi, əksinə bütün zaman və məkanları əhatə edir".

İmam Hüseyn (ə) inqilabını Allah-taala özü planlaşdırmışdıIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Cümə günü (14 sentyabr 2018-ci il) İraqın ali dini rəhbərliyinin nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayinin imaməti ilə İmam Hüseyn məqbərəsində cümə namazı qılınıb.

Kerbela.info Imamhussain.org-a istinadən xəbər verir ki, mərasimdə çıxış edən xətib deyib: "İmam Hüseyn (ə) inqilabının və onun islahat hərəkatının hədəfi təkcə öz zamanına və məkanına məxsus deyildi, əksinə bütün zaman və məkanları əhatə edir. İmam Hüseynin (ə) və Həzrət Rəsuli-əkrəmin (s) inqilablarını biləvasitə Allah-taala özü planlaşdırmışdı. Belə ki, Həzrət peyğəmbərimizin (s) inqilabının mahiyyət və hədəfləri ilə İmam Hüseynin (ə) hədəfləri eyni idi".

Ayətullah Seyid Sistaninin nümayəndəsi daha sonra deyib: "Sanki, Allah-taala bununla bizə demək istəyir ki, indiyədək gəlmiş keçmiş və bundan sonra qiyamətə qədər gələcək bütün bəşər nəsilləri İmam Hüseynin (ə) üzləşdiyi şərait və situasiyalarla üzləşəcəklər. Həmçinin Allahın bizə ünvanladığı ismarıc budur ki, Kərbəla qiyamı ilə İslamın prinsiplərini tapdalayaraq İmam Hüseynə (ə) qarşı çıxmış dövrünün zalım hakimiyyəti olan Üməyyə rejiminə qarşı nə cür mübarizə aparılıbsa, hər dövrdəki müsəlman xalqları oxşar şəraitlərlə üzləşəndə İmam Hüseynin (ə) inqilabından dərs alaraq o cür rəftar etsinlər. Bununla Allah istəyir ki, Kərbəla prinsipləri qiyamətə qədər canlı qalsın, pak İslam dünyagörüşü aktuallığını hər zaman qorusun, Allah istəyir ki, bütün bu cür proseslərə İslami rəhbərlik nəzarət etsin".

Şeyx Kərbəlayi cümə xütbəsinin davamında deyib: "Allah-taala bizə demək istəyib ki, Mən sizə İmam Hüseyn (ə) modelini verdim. Məhz bu modelə baxmaqla inqilabı nə cür etmək, ədalətsiz rəhbərlərə qarşı nə cür dirənmək, əzmlə, səbrlə, yorulmadan inqilabı və islahat hərəkatını həm xalq arasında, həm də hakimiyyət kürsülərində nə cür həyata keçirmək lazım olduğunu öyrənək".

Mərasimdə çıxış edən xətib digər xütbəsində İraqdakı son siyasi proseslərə də toxunub: "İstənilən zamanda və məkanda hər hansı islahat hərəkatını həyata keçirmək üçün müəyyən zəruri şərtlər mövcuddur. Bu cür fəaliyyətləri həyata keçirmək üçün sözügedən şərtləri ən dəqiq şəkildə bilən, məqsədə çatmaq üçün lazım olan üsullardan doğru şəkildə istifadə etməyi bacaran şəxslərə ehtiyac var".

Daha sonra o, siyasi proseslərlə başa çıxa bilmək üçün İmam Hüseynin (ə) metodlarına diqqət yetirməyin lazım olduğunu qeyd edib: "İmam Hüseynin (ə) nə istədiyini hər kəs bilmir. İslahat hərəkatının hədəflərinə nail olmaq üçün bir sıra fundamental dəyərləri bilmək və qəbul etmək lazımdır. Bunların ən mühümləri qanuni, hüquqi və sosial faktorları bilməkdir, çünki islahat hərəkatını ağıla gələn hər sərfəli yolla həyata keçirmək olmaz".

Şeyx Kərbəlayi yaxın və uzaq tarixi analiz etməklə, həmçinin İraqın və digər ölkələrin keçmiş islahatçı liderlərinin fəaliyyətlərini dərindən incələməklə hazırda İraqda baş verməkdə olan seçkilər, siyasi transformasiya və dəyişiklik proseslərini daha faydalı bir şəkildə icra etməyin zəruriliyinə diqqət çəkib.

captcha