IQNA

Qəzzada 340 min nəfərə xidmət edən xəstəxana təhlükə altındadır

19:15 - January 16, 2019
Xəbər sayı: 3484535
2006-cı ildən İsrail rejiminin tətbiq etdiyi blokada ucbatından Qəzza bölgəsində elektrik fasilələrlə verilir. 2 milyonluq Qəzza əhalisini təmin etmək üçün aylıq 560 meqavatt elektrik enerjisi lazımdır.

Qəzzada 340 min nəfərə xidmət edən xəstəxana təhlükə altındadırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin Qəzza zolağında yerləşən Beyt-Hənun hospitalının direktoru Cəmil Süleyman səhiyyə müəssisəsində cəmi iki günlük yanacaq ehtiyatının qaldığı və bu səbəbdən buranı elektriklə təmin edən generatorun tezliklə dayanacağı barədə xəbərdarlıq edib.

Felestin.info Imemc.org-a istinadla xəbər verir ki, direktor elektrikin kəsiləcəyi təqdirdə Qəzzanın şimal hissəsində 340 minlik əhaliyə xidmət edən xəstəxananın fəaliyyətinin iflic vəziyyətə düşəcəyini bəyan edib.

Qəzza Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Qidra bütün maraqlı təşkilatlara və ölkələrə müraciət edərək Qəzzadakı bütün xəstəxana və səhiyyə müəssisələrində hökm sürən yanacaq çatışmazlığı probleminə təcili çarə tapmağa çağırıb. O, xəbərdarlığında bəyan edib ki, yaxın günlərdə elektrik generatorlarının dayanması xəstələr üçün faciəvi nəticələrə gətirib çıxaracaq.

Nazirliyin açıqlamasına əsasən, Qəzzadakı xəstəxanaların fasilələrlə verilən elektrik ehtiyacını bərpa etmək üçün ay ərzində 450 min litr yanacağa ehtiyac var. Belə ki, hər gün 8-12 saat elektrik enerjisi kəsilir. Bu zaman ehtiyat generatorlar işə salınır. Yanacaq bitərsə, xəstəxanaların fəaliyyəti böyük risk altına girəcək.

Bildirək ki, 2006-cı ildən işğalçı İsrail rejiminin tətbiq etdiyi blokada ucbatından Qəzza bölgəsində elektrik fasilələrlə verilir. "Al Ray" təşkilatının hesablamasına görə, 2 milyonluq Qəzza əhalisini təmin etmək üçün aylıq 560 meqavatt elektrik enerjisi lazımdır.

captcha