IQNA

Ayətullah Əərafi: Qarabağ Azərbaycanındır və İslam ümmətinin bir parçasıdır

14:56 - October 04, 2020
Xəbər sayı: 3488282
"Qarabağ Azərbaycanındır və Qarabağı Azərbaycandan ayrı təsəvvür etmək qəbuledilməzdir. Bütün ruhanilər və tələbələr İslam dininin nurani göstərişinə əsasən Azərbaycan xalqını həmişə dəstəkləmişlər.”

İran İslam Respublikasının bütün ali dini elmi hövzələrinin müdiri və İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xameneyinin Qum şəhəri üzrə nümayəndəsi Ayətullah Əlirza Əərafi Qarabağ haqqında bəyanatla çıxış edib.

Bəyanatın mətni:

وَ ما لَکُمْ لا تُقاتِلُونَ فی‏ سَبیلِ اللَّهِ وَ الْمُسْتَضْعَفینَ مِنَ الرِّجالِ وَ النِّساءِ وَ الْوِلْدانِ الَّذینَ یَقُولُونَ رَبَّنا أَخْرِجْنا مِنْ هذِهِ الْقَرْیَةِ الظَّالِمِ أَهْلُها وَ اجْعَلْ لَنا مِنْ لَدُنْکَ وَلِیًّا وَ اجْعَلْ لَنا مِنْ لَدُنْکَ نَصیراً.

"Sizə nə olub ki, Allah yolunda "Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!" - deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?" (Nisa surəsi/75).

"Azərbaycan, xüsusilə də Lənkəran zonası, Badkübə və Qarabağ ərazisi Əhli beyt məktəbinin tarixi boyunca böyük alimlərin vətəni olmuş və bu torpaqların alimləri elmiyyə hövzələrinin elm və bilik səmasında daim parlamışlar. Bu məntəqədə 70 il davam edən komunist rejimi belə bu şərəfli, azadə və ixlaslı xalqın Peyğəmbər (s) və onun pak Əhli Beytinə(s) qarşı məhəbbətini azalda bilməmişdir. Bu şərafətli və əziz millət islam yolunda, dünya hegemonları, sionizm və digər mənfur güclərin qarşısında müqavimətdə sabitliyini hər zaman göstərmişdir.

Beynəlxalq qanunlara əsasən Qarabağ məntəqəsi Azərbaycan Respublikasına məxsusdur və islam ümmətinin bir parçasıdır. Bu ölkənin ayrılmaz bir hissəsidir.

Elmiyyə hövzələri, bu hövzələrin alimləri, ustadları və tələbələri İslam dininin nurani maarifinə və qanunlarına əsaslanaraq Azərbaycan xalqını müdafiə etməyi özünə vəzifə hesab edirlər. Bu günədək hər zaman Azərbaycan xalqının yanında olmuş və olacaqdırlar. Bizlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dünya hegemonlarının və beynəlxalq sionizmin məkrli əllərinin iki millət- İran və Azərbaycan arasında təfriqə salmasına icazə verməyəcəyik.

Təəssüflər olsun ki, bəzi ölkələr İrana və Əhli beyt (ə) məzhəbinə qarşı fobiya yaratmaqla öz mənfur hədəflərinin - təfriqə salmaq maraqlarının ardıncadırlar. Onlar İran xalqına və dövlətinə qarşı bədbinlik yaratmaqla, əsassız şayiələr yaymaqla İran və Azərbaycan xalqı arasında münaqişə və təfriqə yaratmaq və nəticədə məntəqədə stabilliyi pozmaq fikrindədirlər ki, bu minvalla vəziyyətdən sui istifadə edərək muzdurların, təkfirçilərin, hegemon qüdrətlərin və sionizmin bu məntəqəyə nüfuzuna şərait yaradıb münaqişə və çəkişmələr sayəsində öz mənfur məqsədlərinə çatsınlar.

Bu gün bütün müsəlmanların dini, əxlaqi və insani vəzifəsi budur ki, hiylələrə qarşı ayıqlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib İslam ölkələri içərisində yad ünsürlərin nüfuzunun qarşısını almağa çalışsınlar.

Çox ümid edirik ki, Azərbaycan xalqının din alimləri və ziyalıları xalqı məlumatlandırmaq və onlara ayıqlıq verməklə düşmənin iki millət arasında ixtilaf yaratmaq planlarını alt üst edəcək və bu iki millət arasında olan tarixi, mədəni və dini bağlılıqlara xələl gəlməsinə icazə verməyəcəkdir.

Allah Taaladan  müsəlmanların bütün cəbhələrdə qalib olmasını, İslam düşmənlərinin şərrinin uzaq olmasını, İslam ümmətinin müttəfiq olmasını, İslam şəhidlərinin məqamlarının uca olmasını və müsəlman ordusunun qələbə qazanmasını arzu edirəm."

Əlirza Əərafi

Ali Dini Elmi Hövzələrin müdiri

/3927002

captcha