IQNA

"NƏHCÜL-BƏLAĞƏ" kitabının mənbə və sənədləri varmı?

21:32 - February 28, 2022
Xəbər sayı: 3491827
Seyid Rəzi “Nəhcül-Bəlağə”ni yazmaq üçün ona qədər yazılmış bütün şiə qaynaqlarından ki, həm özünün şəxsi kitabxanasında, həm Bağdadın “Beytul-Hikmət” kitabxanasında və həm də Seyir Mürtəzanın şiələr üçün tikdirdiyi 8 min ünvan kitabı ehtiva edən kitabxanada mövcud idilər, istifadə edir.

Bildiyiniz kimi İmam Əli (ə) Allahın yer üzündəki səmavi elm şəhərinin, yəni həzrət peyğəmbərin (s), elminin qapısı və hikmətlər çeşməsidir. O Həzrətin (ə) elmi və hikməti tarixdə günəşdən daha parlaqdır. Buna görə də müsəlman aləmində İmam Əlidən (ə) nəql edildiyi qədər rəvayət heç bir məsumdan (ə) və səhabədən nəql olunmamışdır. Əlbəttə Əhli-Sünnə məzhəbinin kitablarında İmam Əlidən (ə) ravi və səhabə olaraq 2000 civarında hədis rəvayət edilmişdir ki, bu da müxtəlif kitablarda təkrarlanma sayına görə 12 min civarında hədis edir. Amma şiə məzhəbinin kitablarında İmam Əlinin (ə) təkcə qısa hikmətli kəlamlarının sayı 15 minə yaxındır.

İmam Əli (ə) Peyğəmbər (s) sağ ikən və peyğəmbərin vəfatından sonra O Həzrətin sünnəsini özü şəxsən qələmə almış və bəzən də imla etmişdir. Buna görə də İmam Əliyə (ə) nisbət verilən kitabların sayı iyirmi kitabı keçmişdir.

İmam Əli (ə) özü həyatda ikən şagirdləri o həzrətin (ə) müxtəlif mövzularda olan sözlərini və rəftarını qələmə aldırlar.

Bu işi o həzrətin (ə) xütbələri barədə ilk dəfə səhabəsi və şagirdi Zeyn ibn Vəhəb (vəfat: 96 hq) “Xutəbu Əmiril-Möminin Əli (ə)” (İmam Əlinin (ə) xütbələri) kitabını yazmaqla həyata keçirdi.

Zeyd ibn Vəhəbdən sonra ikinci əsrdə Nəsr ibn Müzahim Munqəri (vəfat: 202 hq), İsmayıl ibn Mehran (vəfat: 200 hq), Vaqidi (vəfat: 207) və Məs`ədə ibn Sədəqə (?) o həzrətin (s) xütbələrini bir yerə toplayıb kitab halına saldılar.

Bundan əlavə isə müxtəlif dövrlərdə müxtəlif dini sahələrin alimləri İmam Əlini (ə) xütbələrini öz kitablarında rəvayət etdilər. Bunlardan Töhəful-Üqul, Rövəzul-Vaizin, Ğürərul-Hikəm, Uyunul-Hikəm və s... işarə etmək olar.

Tanınmış və məşhur İslam tarixçisi Məsudi “Murucuz- Zəhəb”də yazır: Hazırda (yəni 3-cü hicri-qəməri əsrində) İmam Əlidən (ə) camaatın əlində 480 civarında xütbə vardır”.

Öncəki əsrlərdə olduğu kimi 4-cü hicri-qəməri əsrində də şiə aliməri məsumların hədislərini və eləcə də İmam Əlinin (ə) qısa hikmətli kəlamları, məktubları və xütbələrini kitablarında yazır və nəql edirdilər. Həmin əsrdə yaşayan şiə alimi, fəqih, mütəkəllim, müfəssir, mühəddis, şair və ədib Seyid Rəzi (359 Bağdad – 406 hq Kazimeyn) bu fikrə düşür ki, İmam Əlinin (ə) hikmətli kəlamları, məktubları və xütbələrini bir yerə toplasın. Amma rəvayət olunan hədislərin həcmi çox böyük idi. Buna görə Seyid Rəzi öz ədəbi səliqəsinə uyğun olanları və (şairlik) zövqünə yatanları seçərək bir kitabda toplayır və kitabın adını “Nəhcül-Bəlağə” qoyur.

Seyid Rəzi “Nəhcül-Bəlağə”ni yazmaq üçün ona qədər yazılmış bütün şiə qaynaqlarından ki, həm özünün şəxsi kitabxanasında, həm Bağdadın “Beytul-Hikmət” kitabxanasında və həm də Seyir Mürtəzanın şiələr üçün tikdirdiyi 8 min ünvan kitabı ehtiva edən kitabxanada mövcud idilər, istifadə edir.

O, bu kitabda İmam Əlinin (ə) 239 xütbəsini, 79 məktubunu və 480 hikmətli qısa kəlamlarını toplayır. Amma kitabın həcmi çox olmasın deyə və həmçinin bu xütbə və kəlamlar o zaman məşhur kitablarda mövcud olduğu üçün xütbə, məktub və qısa kəlamların sənədlərini ixtisara salır.

Amma sonrakı dövrlərdə bəzi müxaliflərin iradlarını görən alimlərimiz Nəhcül-Bəlağənin qaynaq və mənbələrini dövrlərində mövcud olan hədis mənbələrindən çıxarmağa çalışıblar. Əlbəttə Nəhcül-Bəlağənin bəzi yerlərində Seyid Rəzi də öz mənbələrinin adına işarə etmişdir. Bunlardan Cahizin “Əl-Bəyan vət-Təbyin”, Mübərridin “Əl-Müqtəzib”, “Səid ibn Yəya Əməvinin “əl-Məğazi”, Vaqidinin “əl-Cəməl”, Əbu Cəfər Əskafinin “Əl-Məqamat fi mənaqibi Əmiril-Mömiminin (ə)”, Təbərinin tarix kitabı və digərlərini göstərmək olar.

Aşağıda göstərilən kitablar “Nəhcül-Bəlağə”nin qaynaqlarını və sənədlərini araşdırıb elmi cameəyə təhvil veriblər.

“Mədariku Nəhcül-Bəlağə”, Hadi Kaşiful-Ğita.
“Məsadiru Nəhcül-Bəlağə”, Seyid Hibətuddin Şəhristani.
“Əsnad və Mədariku Nəhcül-Bəlağə”, Məhəmməd Dəşti.
“Məsadirul-Nəhcül-Bəlağə və əsaniduhu”, Seyid Əbdüz-Zəhra Hüseyni.

Nəhcül-Bəlağənin mənbəyi, sənədləri, şərhləri, mövzu əsasında təsnifatı və tərcümələri barədə yazılan kitablar bunlarda məhdudlaşmır və onlarla nümunə göstərmək olar. Biz bu qədərinə kifayət edir və son sözümüzü demək istəyirik.

Qeyd: NƏHCÜL-BƏLAĞƏ kitabının mənbə və sənəd baxımından heç bir müşkülü yoxdur. Çünki bu kitabı öz dövrünün böyük alimi Seyid Rəzi (359 – 406 hq) kimi dahi bir şəxsiyyət yazıb. Və onun əlində bizim bu günümüzə gəlib çatmayan mənbələr mövcud olub. Bu dahi şəxsiyyət Şeyx Müfid (vf. 413), Şeyx Səduq (vf. 381 hq), Şeyx Tusi (vf. 460 hq) və qardaşı Seyid Mürtəza Ələmul-Hüda (vf. 436 hq) kimi onlarla böyük hədis alimlərinin zamanında yaşayıb. Və bu müqəddəs kitabı da həmin dövrdə yazıb. Bu kitab yazılan zamandan indiyədək bütün alimlərimiz tərəfindən yüksək dərəcədə qiymətləndirilib. Buna görə də sənədlərin və qaynaqların göstərilməməsi bu kitabın qiymətindən bir zərrə belə azaltmır.

 

captcha