“Xof və rəca” Quranda “qorxu və ümid” mənasını verən və insanda tarazlıq halını ifadə edən bir termindir ki, Allah qorxusu və Onun rəhmətinə ümid bir yerdə olmalıdır.
“Xof” agahlıqla olan qorxu deməkdir. İnsan hansı günahları etdiyini bilir. Allahın ədalətli olduğunu və ədalətli olacağını bilir. Buna görə də öz vicdanı qarşısında və Allah qarşısında utanır. Bu hal günahdan çəkindirici təsirə malikdir.
İmam Sadiq (ə) buyurur: “Mömin həmişə iki qorxu arasındadır; Biri etdiyi günahdır və Allahın ona nə edəcəyini bilmir. Digəri isə onun qalan ömürdür və onun məhvinə səbəb olacaq hansı günahları edəcəyini bilmir. Ona görə də daim narahat olur və onun islahı ancaq bu qorxu ilə baş verə bilər".
“Rəca” da ümid deməkdir ki, insan bütün günah və səhvlərinə baxmayaraq, tövbə etsə, Allahın onu qəbul edəcəyini bilir. Bu halın da çəkindirici təsiri var. Çünki insan bütün qapıları bağlı gördükdə və heç bir ümidi qalmadığında onun xeyirli olub-olmamasının fərqi yoxdur. Onun üçün daha çox günah etməyə zəmin yaranır. Ümid insanda inkişaf və kamilliyə əsas verir, çünki o, fövqəlbəşəri bir qüvvənin onu dəstəklədiyini bilir.
Qorxu və ümid möminin təkamülünün iki qanadıdır. Necə ki, quşun uçmaq üçün iki qanadı olmalıdır. Bu iki qanad arasında tarazlıq olarsa, mömin də ilahi yolda ola bilər.
Qorxu və ümidin nəticəsi Allaha qayıtmaqdır. Çünki insanın tövbə etməkdən başqa yolu yoxdur. İnsanın günahlarını yaxşı əməllərə çevirən tövbədir ki, Allah "Furqan" surəsinin 70-ci ayəsində belə vəd edir: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!".