
Höccətül-islam vəl-müslimin, hövzə və universitet ustadı Əlirza Ali-Buyə abortun əxlaqi baxımdan nəzərdən keçirilməsinə həsr olunmuş iclasda aşağıda oxuyacağınız sözləri qeyd etdi:
Qurani-Kərimə əsasən, ölmək yox olmaq deyil, ruhun bədəndən ayrılması deməkdir. Buna əsasən, insan həyatının başlanğıcı nə vaxtdır? İnsana ruh üfürüldüye zamandır. Quran ayələrinə əsasən, ruhun üfürülməsi hamiləlikdən (nütfənin təşkil tapmasından) bir müddət sonra baş verir.
Deyirlər ki, uşağa dörd aylıq olanda ruh üfürülür, bəs ondan əvvəl ana bətnindəki dölün öldürülməsinin hökmü nədir? Bu arqumentə görə, insan ona ruh üfürüldükdə insan olur və ondan əvvəl insan deyil. Rəvayətlərə görə, bu vaxtın dörd ay olduğu bildirilir. Lakin Quranda dörd aydan bəhs edilmir. Deməli, ana bətnindəki dölün dörd aydan əvvəl öldürülməsi pis deyil? Bu suala cavabım budur ki, pis deyil demək olmaz. Biz dəlillə sübut etdik ki, dörd aydan əvvəl də ana bətnindəki dölün özü möhtərəmdir. Yəni insan olmaq ərəfəsində olan bir varlıqdır.
Ona görə də hamiləlik anından abort bəyənilmir. Lakin onun bəyənilməməsi hər mərhələdə müxtəlif dərəcələrə malikdir. Yəni, əgər ruh üfürülməmişdən əvvəl olarsa, bəyənilməməsinin dərəcəsi azdır. Üfürüldükdən sonra isə bəyənilməməsinin dərəcəsi daha çoxdur. Fəqihlərin fikrincə, ana bətnindəki dölün öldürülməsinin diyəsi (qan pulusu) üfürülməzdən əvvəl və ondan sonra fərqlidir.
Abortun bəyənilməməsinin başqa bir dəlili “abort və insanın varlıqdakı məqamı” arqumentidir. Əgər abortdan danışmaq istəyiriksə, insanın varlıqdakı yerini nəzərə almalı və onun üzərində düşünməliyik. Bu müzakirəni fəlsəfi və Qurani cəhətdən araşdırmaq olar. Mən Quran ədəbiyyatına uyğun olaraq ona əməl etmişəm.
Quranın insan haqqında 3 əsas müzakirəsi
Qurani-Kərimdə insanlar haqqında üç əsas bəhs var: İnsanın mənşəyi (başlanğıcı), insanın təbiəti və insanın sonu. İnsanın mənşəyi ondan ibarətdir ki, o, Allahın məxluqu sayılır. Allah insanı öz iki əli ilə yaratmışdır. Digər tərəfdən də ona ilahi ruh üfürülüb. İnsan da Allahın yer üzündə xəlifəsi və zati ləyaqətə malik olub. Beləliklə, insanın mənşəyi Allahdır. Yəni onun təbiəti ilahi və sonu əbədidir. İnsan yox olsaydı, bəlkə də bu qədər danışılmağa layiq olmazdı. Amma əbədi olduğu üçün onun müxtəlif şərtləri var. Odur ki, əbədi yaşayacaq ana bətnindəki bir dölü məhv etməyə haqqımız yoxdur.
Bununla bağlı digər arqumentimiz ana bətnindəki dölün Allah tərəfindən bir hədiyyə olmasıdır. Əgər kimsə bizə hədiyyə verirsə, onunla necə davranırıq? Hədiyyəsini bəyənməsək də, ona təşəkkür edirik. Ona görə də Allah kişi və qadına dölü bəxş edəndə, bu, onlara hədiyyə vermək deməkdir. Quranda "hədiyyə" sözünün işlədildiyi 19 ayə vardır ki, onlardan dördü ümumi, 15 ayə isə insanlar haqqındadır. Bəzi ayələr birbaşa uşaqların ilahi hədiyyə olmasını vurğulayır. Bu müzakirənin nəticəsi budur ki, ana bətnindəki döl Allahın bir hədiyyəsidir. Hər şeyi bilən, hər şeyə qadir, hər şeyi sevən və hikmət sahibi olan Allahdır və biz zəif insanlarıq.
Amma ana bətnindəki döl qeyri-qanuni yolla təşkil olunarsa, bu, yenə də hədiyyədirmi? Bu və buna bənzər suallara məqaləmdə cavab vermişəm. Bu o deməkdir ki, ana bətnindəki döl natamam və ya qeyri-qanuni doğula bilər. Cavab budur ki, bunlar ümumbəşəri qanuna görə Allahın hədiyyələridir. Bu o deməkdir ki, Allahı qınamaq olmaz. Ancaq iki nəfərin günahıdır ki, aralarındakı qeyri-qanuni münasibətdən qeyri-qanuni uşaq yaranır. Ona görə də xəta hədiyyəni verəndən yox, onu alandan baş verib.