
Əbdül-Həmid ibn Əbdül-Əziz Keşk Zil-Qədənin 13-ü 1351-ci hicri-qəməri ilində və 10 mart 1933-cü ildə, Misirin Bəhira əyalətinin Şəbraxit şəhərində anadan olmuşdur. Uşaq ikən məktəbə getmiş və on yaşına qədər Qurani-Kərimi bütünlüklə əzbərləmişdir. Sonra isə İsgəndəriyyə dini mərkəzinə gedərək Əl-Əzhər orta məktəbinin buraxılış imtahanlarında bütün Misirdə birinci yeri qazanmışdır. Sonra Əl-Əzhər Universitetinə daxil olub. O, təhsili boyu əlaçı tələbə olub və təhsil müddətində bəzi kurslardan dərs deyib.
1957-ci ildə Əbdül-Həmid Qahirədə Əl-Əzhər Universitetinin Din fakültəsinə müəllim seçilsə də, daha çox mühazirə oxumağa maraq göstərirdi. Elə buna görə də universitetdə müəllimlik fəaliyyətini dayandırıb.
O, ilk çıxışını yaşadığı şəhərin məscidində edib. Həmin vaxt onun 12 yaşı var idi. Məscidin natiqi olmadığı zaman cəsarətlə minbərə qalxaraq insanları ədalətə və bir-birinə mərhəmət göstərməyə dəvət etdi.
Əbdül-Həmid 1961-ci ildə Din əsasları fakültəsini yüksək orta balla və müəllimlik lisenziyası ilə bitirdikdən sonra xətiblik aləminə qədəm qoyub. O, iyirmi il Misir məscidlərində xətiblik edib.
O, 1965-ci ildə Camal Abdün-Nasirin (1956-1970-ci illər arasında Misir prezidenti) siyasətini tənqid etdiyinə görə həbs edilmiş və iki il yarım həbsdə yatmışdır. Kor olmasına baxmayaraq ağır işgəncələrə məruz qalmışdır.
Azadlığa çıxandan sonra məscidlərdə fəaliyyətini davam etdirib və 1972-ci ildən onun çıxışları geniş rəğbətlə qarşılanıb. 1976-cı ildən, xüsusən də “Kamp Devid” müqaviləsinin bağlanmasından və İsraillə razılığa gəlindikdən sonra o, Ənvər Sədatı (1970-1981-ci illər arasında Misir prezidenti) kəskin tənqid etdi. Həmçinin Misir hökumətini İslama xəyanətdə ittiham etdi.
1981-ci il sentyabrın 5-də Misir parlamentində Sədatın sərt çıxışından və onu tənqid edənlərə, xüsusən də din xadimlərinə hücum etdikdən sonra Əbdül-Həmid Keşk həbs olunanlar arasında idi. Bu müddət ərzində o, ağır işgəncələrə tab gətirdi. Bu işgəncələrin təsiri illərlə bədənində qaldı. Əbdül-Həmid 1982-ci ildə sərbəst buraxıldı, lakin artıq ona danışmağa icazə verilmədi.