Hüzuri-qəlbin o deməkdir ki, insanın qəlbində Allaha diqqət yetirməsi və onu yad etməkdən qəflət etməməsidir. Hər an nə dediyini, nə istədiyini, əməl və hərəkətlərinin mənasını hər an kiminlə qarşılaşdığını bilməsidir. Həmçinin kimə doğru dayanıb, qibləsi haradadır, nə üçün namaz qılır və hansı böyük Allahın hüzurunda namazda, ibadətdə, həmd-sənada, zikr və niyazda durduğunu bilməsidir.
Əgər insanın ağlı başqa məsələlərlə məşğuldursa, insanın diqqəti yayınırsa, əgər hər bir səs, hər görüntü, hər hərəkət, hər yazı, sətir, rəsm və mənzərə onun diqqətini yayındırırsa və namaz qıldığını, harada durduğunu, nə dediyini xatırlamırsa, bu, onun hüzuri-qəlbinin olmaması deməkdir.
Hüzuri-qəlbi qazanmağın yollarından biri də namazın mənasını bilmək və insanın namazda dediyi sözlərin tərcüməsini nəzərə almaqdır.
Başqa bir yol isə namaz üçün elə bir yer seçməkdir ki, gəlib-gedən, səs-küy, söhbətlər, şəkil və rəsmlər onun diqqətini yayındırmasın.
Digər bir yol isə namazdan əvvəl və namaz əsnasında müstəhəbləri yerinə yetirməkdir ki, onlara riayət etmək namaz qılanın daha çox diqqətli olmasına səbəb olrur. Allahı yad etməyi və özünün bəndə olmasını xatırladır.
Görkəmli bir insanla görüşə gedəndə ən gözəl paltarı geyinib onun qarşısında nəzakətlə dayanıb ya oturursan və ədəbə zidd olan işlərdən çəkinirsən, onun sözlərinə tamamilə qulaq asırsan və dediklərinə diqqət yetirirsən. Bu görüşün hər anında o insan sizin yadınızdadır.
Allah uca varlıqdır və bütün varlıqların varlığı ondan asılıdır. Biz möhtac və aciz bir bəndə olaraq onun nemətlərindən faydalanırıq. Onun nemətlərinə şükür etmək üçün ibadət edir və namaz qılırıq.
“Allah” qarşısında malik olduğumuz bu “vəzifə”yə diqqət yetirmək qəlbi yumşaldır, təslimiyyət və təvazökarlıq gətirir.
Namaz “Allahı xatırlamaq”dır. Qəlbimiz nə qədər hazır olsa və qəlbimiz Allahın əzəmətindən və öz ehtiyaclarımızdan xəbərdar olsa, namazlarımız bir o qədər məhsuldar olar.
Unutmayaq ki, rüku Yaradanın əzəməti qarşısında baş əyməkdir.
Səcdəmiz Allah qarşısında təvazökar və itaətkar olan bütün varlıqlarla həmahəngdir.
Təsbihimiz Allahı təsbih edən və səcdə edən dünyanın bütün zərrələri ilə həmahəng olmaqdır.
Tək biz yox, bütün dünya Allahı öz dilində təsbih edir, həmd edir və hər birinin varlığı Onun hikmətinin, qüdrətinin təkliyinin əlamətidir.