IQNA

Quran surələri / 74

Müddəssir surəsində insanların cəhənnəmə getməsinin dörd səbəbi

20:38 - May 04, 2023
Xəbər sayı: 3494121
Bu dünya insanları gözləyən başqa bir dünyaya çatmaq üçün bir vasitə və mühitdir. Dünya insanların hərəkətləri və davranışları ilə formalaşır. Buna əsasən insanlar yaxşı insanlar və pis insanlar olmaqla iki kateqoriyaya bölünür. Habelə onların məqamı da fərqlidir.

Qurani-Kərimin yetmiş dördüncü surəsi “Müddəssir” adlanır. 56 ayədən ibarət olan bu surə Quranın 29-cu cüzündə yer alıb. Məkkədə nazil olan bu surə İslam Peyğəmbərinə (s) nazil olan dördüncü surədir.

“Müddəssir” surəsi Məhəmməd peyğəmbərə (s) peyğəmbərliyinin əvvəlində nazil olmuşdur. “Müddəssir” sözü “libası özünə bürümüş” mənasındadır və İslam Peyğəmbərinə (s) aiddir. Allah bu surənin ilk ayələrində Peyğəmbərə (s) (vəhyin başlanğıcındakı ruhi təsirlərdən titrədib və libasına bürünmüşdü) əmr edir ki, ayağa qalxıb camaatı xəbərdar etsin.

Bu surənin bir hissəsi Peyğəmbəri (s) sehrbaz adlandıran şəxs haqqındadır. Allah bu surədə Quranın əzəmətinə və məqamına işarə edərək Quranı inkar edənləri və onu sehr adlandıranları hədələmişdir.

Əllamə Təbatəbai “Müddəssir” surəsinin üç əsas mətləbi olduğunu hesab edir: Birincisi, o, Allah Rəsuluna (s) camaatı xəbərdar etməyi tapşırır. O, bu əmri elə tonda bəyan edir ki, peyğəmbərliyin ilkin dövrünün əmrlərindən olduğu bilinir. İkincisi, Quranın əzəmətinə və məqamına işarə edir. Üçüncüsü, Quranı inkar edib onu sehrlə əlaqələndirənləri hədələyir və Allahın dəvətinə məhəl qoymayanları günahlandırır. Həmçinin bu surədə cənnət və cəhənnəm əhlinin, məğrur insanların xüsusiyyətlərindən bəhs edilir.

  Bu surənin diqqət çəkən məqamlarından biri də cənnət əhli ilə cəhənnəm əhlinin söhbətidir. Cənnət əhli cəhənnəm əhlindən oda girmələrinin səbəbini soruşduqda, özlərinin cəhənnəmə getmələrinin dörd səbəbini deyirlər:

"Onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik".

"Yoxsulu da yedirtməzdik".

"Batilə dalanlarla birlikdə biz də dalardıq".

"Haqq-hesab gününü yalan sayardıq" (Müddəssir, 43-46).

captcha