İmam Əlinin (ə) həyatının əsasları Quran və Peyğəmbərin (s) sünnəsinə əsaslanırdı. İctimai fəaliyyət və cəmiyyətlə iş sahəsində həzrətin münasibətləri ilahi göstərişlər və Peyğəmbər (s) sünnəsi əsasında qurulmuşdur. Bu da insanlar üçün mükəmməl bir nümunə sayıla bilər.
Nəhcül-bəlağə üzrə tədqiqatçı Baxşəli Qənbəri ictimai əxlaqı Nəhcül-bəlağənin nəzərindən tədqiq etmişdir. Onun altıncı hissəsi “Ən sevimli bəndələr” barəsindədir. Onun mətnini, aşağıda oxuya bilərsiniz:
Nəhcül-bəlağənin 87-ci xütbəsi Allahın ən sevimli bəndələrinin xüsusiyyətlərindən bəhs edir. Nəhcül-bəlağədə ən azı beş yerdə Həzrət Əli (ə) Allahın ən sevimli bəndələrinin xüsusiyyətlərini izah edir.
Bu xütbədə Allaha arif olan bəndələrin, yaxud həzrət Əlinin (ə) təbirincə desək, Allahın ən sevimli bəndələrinin otuz dörd müsbət və mənfi xüsusiyyətləri izah edilmişdir.
Xütbənin ilk cümləsi belədir; عِبَادَ اللَّهِ إِنَّ مِنْ أَحَبِّ عِبَادِ اللَّهِ إِلَیْهِ عَبْداً أَعَانَهُ اللَّهُ عَلَى نَفْسِهِ فَاسْتَشْعَرَ الْحُزْنَ وَ تَجَلْبَبَ الْخَوْفَ ...؛ "Ey Allahın bəndələri, Allaha ən sevimli bəndələr o kəslərdir ki, Allah onun nəfsi ilə döyüşməkdə ona kömək etmişdir. Onun alt paltarı qəm-qüssə, zahiri libası isə Allah qorxusudur".
İmam Əli (ə) Allahın ən sevimli bəndəsini nəfslə mübarizə aparan və qəm-qüssə sahibi olan biri kimi tanıtdırır. Odur ki, birinci xüsusiyyət özü ilə mübarizə aparmaqdır. İkincisi isə etdiyi və etmədiyi işlərə, yetişməli olduğu amma yetişə bilmədiyi məqamlara görə üzülməkdir. Bu kədər artmaqdadır və dayanmır. Bu qəm hərəkətvericidir. Dayandıran qəm-qüssə Əli (ə) tərəfindən bəyənilməyən qəm növlərindən hesab olunur.
Üçüncü xüsusiyyət Allah qorxusudur; Qorxu, nəfsimlə mübarizə apardığımda və düzəliş etdikdən sonra etmədiyim işlər üçün kədərləndiyim zaman yaranan hissdir.
İmam Əli (ə) qəm-qüssəni bildirdikdə buyurur: فَاسْتَشْعَرَ الْحُزْنَ Ərəb dilində paltar iki qismə bölünür. Bədənə yapışan paltar və paltarın üstünə geyilən paltarlar. Birinciyə Şiar, ikinciyə isə Disar deyilir.
İmam Əli (ə) buyurur; Ariflər, bədəninə yapışdığı paltar kimi qəm-qüssəni ürəklərinə yapışdırırlar. Bu o deməkdir ki, onlar həmişə kədərlidirlər; Çünki onların həmişə etməli olduqları və etmədikləri şeylər var.
4131686